İspaniyada yüksək rütbəli polis məmuru ölkə tarixindəki ən böyük kokain müsadirəsi ilə bağlı aparılan istintaq çərçivəsində evinin divarlarında gizlədilmiş 20 milyon avro aşkar edildikdən sonra həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Oskar Sançez Gil son vaxtlara qədər Madriddə İspaniya Milli Polisinin dələduzluq və çirkli pulların yuyulması ilə mübarizə şöbəsinə rəhbərlik edib. Polis onu keçən həftə Madrid bölgəsində polis məmuru olan sevgilisi də daxil olmaqla 15 nəfərlə birlikdə həbs edib.
Polis basqın zamanı onun İspaniya paytaxtından 30 kilometr şərqdə yerləşən təxminən 195 min əhalisi olan Alcala de Henares şəhərindəki evinin divarlarında və tavanında gizlədilmiş 20 milyon avro nağd pul tapıb.
Mənbənin bildirdiyinə görə, polis onun ofisindəki iki kilidli şkafda gizlədilən 50-500 avroluq əskinaslardan ibarət 1 milyon avro pul da aşkar edib. Ədliyyə mənbəsi bildirib ki, cütlük ötən həftə Madrid məhkəməsinin qarşısına çıxdıqdan sonra narkotik alveri, çirkli pulların yuyulması, korrupsiya və cinayət təşkilatına üzv olmaqda ittiham edilib.