İslam İnkişaf Bankı (IDB) Azərbaycanda “Qız Qalası su anbarından (Şərqi Zəngəzur regionu) magistral suvarma kanalının tikintisi” layihəsi üçün 97 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Bunu Bankın prezidenti Məhəmməd Əl-Casir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə bildirib.
"İslam İnkişaf Bankı olaraq, Qarabağda ilk krediti - təxminən 1,6 milyon insana xidmət edəcək magistral suvarma kanalının yaradılması layihəsinə ayırdığımız üçün çox qürur duyuruq. Bu layihə regionun abadlığı üçün çox vacibdir", - o vurğulayıb.
Onun sözlərinə görə, suvarma kanalının uzunluğu 52 kilometr olacaq.
"Bu layihə Qarabağı dəyişəcək və mən bu bölgəni ziyarət etmək imkanını səbirsizliklə gözləyirəm", - o vurğulayıb.
Bankın prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, dövlət başçısına IDB-nin Azərbaycanda əməliyyatlarını genişləndirməyi planlaşdırdığını bildirib.