AZ

Qırğızıstanlı nazir: Azərbaycanla ekologiya sahəsində əməkdaşlıqda maraqlıyıq - MÜSAHİBƏ

Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevin APA-ya müsahibəsi.

- Cənab nazir, Azərbaycanın COP29-dakı rolunu necə qiymətləndirirsiniz?

- Biz COP29-un təşkilində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Bizim burada pavilyonumuz quraşdırılıb. Bu tədbir çox-çox yüksək səviyyədə təşkil olunub. Biz Azərbaycana, Azərbaycan hökumətinə COP29-un yüksək səviyyədə təşkilinə görə, təşəkkür edirik.

- Bildiyimiz kimi, COP29-da prioritet məsələ maliyyə ilə bağlı konsensusun əldə olunmasıdır. Siz bununla bağlı nə düşünürsünüz, razılığa gəlmək mümkün olacaqmı?

- Biz ümid edirik ki, bu məqsədə COP29-da nail olunacaq. Burada aparılan müzakirələrdə iqlim maliyyəsi ilə bağlı bütün inkişaf etmiş ölkələr mövqelərini bildirirlər, həmçinin əlavə maliyyələşmə məsələsi də müzakirə olunur.

- Qırğızıstan ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi və ekologiya sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan bizim üçün qardaş ölkədir. Bizim Azərbaycanla ətraf mühitin mühafizəsi və ekologiya sahəsində çoxşaxəli əlaqələrimiz var. Bir ay əvvəl biz Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə əməkdaşlıq müqaviləsi imzaladıq. Bu sahədə Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq.

- Qırğızıstan nümayəndəsi olaraq COP29-dan gözləntiləriniz nələrdir?

- Qırğızıstan dağlıq ölkədir. Dağ məsələsində təşəbbüslər artır. Bu gün burada dağlıq ölkələrin nümayəndələri də toplaşıblar. Qətnamə formalaşdırmışıq. COP29-un son günündə plenar sessiya keçiriləcək və dağlıq regionlar haqqında texniki məsləhətləşmələr aparılacaq.

Seçilən
20
apa.az

1Mənbələr