AZ

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə və humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi”



“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda ümumbəşəri dəyərlər hər zaman istiqamətverici prioritet amillər kimi çıxış edib. Azərbaycanın inkişaf etməkdə olan dövlətlərlə, o cümlədən kiçik ada ölkələri ilə münasibətləri də məhz bu dəyərlər üzərində formalaşıb. Ölkəmiz COP29-a ev sahibi olduqdan sonra bu münasibətlər yeni, daha yüksək səviyyəyə qalxıb. Azərbaycan Prezidenti xüsusilə kiçik ada ölkələrinin iqlim dəyişikliyinin yaratdığı fəsadlarla bağlı üzləşdikləri təhlükələrlə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıb. Dövlətimizin başçısı COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində etdiyi çıxışında da bu məsələyə öz yanaşmasını birmənalı şəkildə ortaya qoyaraq bəyan etdi ki, bu ölkələrin səsi qlobal arenada eşidilməlidir və inkişaf etmiş bütün dövlətlər, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.”

Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində müzakirə olunan məsələlərlə bağlı aia.az-a fikirlərini paylaşan millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra millət vəkili neokolonializm və iqlim dəyişikliyi mövzusunda Prezident İlham Əliyevin Sammitdəki çıxışında səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Azərbaycanın artıq uzun müddətdir ki, neokolonializmin çirkin təzahürləri ilə mübarizənin ön sıralarında gedir. Bu gün Fransa və Niderland kimi ölkələr hələ də özlərinin neokolonializm siyasətini davam etdirməyə çalışırlar. Əlbəttə ki, bu, çox təhlükəli bir tendensiyadır. Xüsusilə son vaxtlar Fransada gedən mürtəce proseslər, baş verən qanlı hadisələr bu təhlükənin nə qədər real və böyük olduğunu göstərir. Cənab Prezident İlham Əliyev Fransanın törətdiyi qanlı müstəmləkə cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu dəfələrlə bəyan edib. Bu məsələyə Sammitdəki çıxışında da detallı şəkildə toxunan dövlətimizin başçısı Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu diqqət mərkəzinə gətirdi. Qeyd olundu ki, artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin ərazilərdə yaşayan icmaların səsi isə, bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Fransa orada 30 il ərzində apardığı nüvə sınaqları səbəbindən torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Bu eyni zamanda Fransa tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu nümayiş etdirir. Cənab Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə sadiqliyini və humanistliyini bir daha nümayiş etdirərək bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Seçilən
24
aia.az

1Mənbələr