Rusiya hərbçiləri Qluşkovski rayonunun kəndlərində, bölgədə davam edən hərbi əməliyyatlar nəticəsində yerli sakinlər tərəfindən tərk edilmiş evləri qarət ediblər.
“Cebheinfo.az” xəbər verir ki, bunu Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt (hazırda Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsində işləyir-red.) etiraf edib.
“Soyğunçuluq haqqında deyim. Dünən hüquq-mühafizə orqanları ilə keçirilən müşavirədə bu barədə danışılıb. Həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında talan faktları var”, - Starovoit Qluşkovski rayonunun sakinləri ilə görüşündə bildirib.
Görüşdən videonu “Kursk Now” teleqram kanalı yayıb.
O qeyd edib ki, artıq əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıqlar verilib. “Qənimətin Rusiyanın başqa ərazilərinə çatdırılma xidmətləri vasitəsilə göndərilməsi ilə bağlı faktlar var”, - Starovoit əlavə edib.
Kursk vilayətinin indiki qubernatoru Aleksey Smirnov teleqram kanalında Qluşkovski rayonunun sakinləri ilə görüşü barədə reportaj yayıb, lakin talançılıq problemini qeyd etməyib. O qeyd edib ki, hakimiyyət evsiz qalan insanlara mənzil sertifikatlarının verilməsini davam etdirir, həmçinin şəxsi nəqliyyatını və mal-qarasını itirənlərə kompensasiya vəd edib.
“Avtomobillərin itkisinə görə kompensasiya ilə bağlı suallar qalmaqdadır. Sərhəd bölgəsində avtomobillərini qoyub gedən şəxslər sığorta ödənişi alacaqlar. Mal-qara və ev quşlarını itirənlərin sualları olub. Hazırda biz kompensasiya mexanizmləri üzərində işləyirik. Dağılmış mənzillərə görə ipoteka borclarının silinməsi məsələsi federal strukturlarla müzakirə olunur”,-deyə o bildirib.