AZ

Təmiz gələcək “qlobal yatırım” tələb edir

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platformasında çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib ki, qarşıda duran əsas vəzifə iqlim platforması vasitəsilə Paris Sazişinə və “2030: Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanaraq qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir. Bu təşəbbüs daha “yaşıl” və dayanıqlı bir gələcəyi dəstəkləyən əhəmiyyətli investisiyaların açılmasını hədəfləyir.

Y.Abdullayev Azərbaycanın dayanıqlı enerji sahəsində atdığı addımları vurğulayaraq deyib: “Hər kəsi ölkəmizin təklif etdiyi investisiya imkanlarını araşdırmağa dəvət etmək istəyirəm. Azərbaycan ümumi enerji istehsalında 30 faiz bərpaolunan enerji hədəfləyir. Bu strateji öhdəliyi yerinə yetirmək üçün biz beynəlxalq enerji şirkətləri ilə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və gələcək onillikdə ixrac üçün yaşıl enerji layihələri üzərində əməkdaşlıq edirik”.

AZPROMO rəhbərinin sözlərinə görə, adıçəkilən qurum bununla bağlı artıq bir neçə layihənin həyata keçirməyə başlayıb və BP, “Masdar”, “Fortescue Future Industries”, ACWA Power və “China Gezhouba Group Overseas Investment” kimi etibarlı qlobal şirkətlərlə əsas razılaşmalar imzalayıb. Bu əməkdaşlıqlar Azərbaycanın sübut olunan etibarlılığını və həmin sənaye liderlərinin ölkəmizin investisiya mühitinə olan inamını təsdiqləyib. “Bu icra olunan layihələrlə yanaşı, Azərbaycanın sürətlə inkişaf edən sektorlarında, xüsusilə bərpaolunan enerji, rəqəmsallaşma və dayanıqlı sənaye sahələrində geniş investisiya imkanlarını araşdırmağa dəvət edirik. AZPROMO investorları dəstəkləməyə, yalnız məlumat mənbəyi kimi deyil, həm də investisiyaları asanlaşdırmaq üçün güclü dəstək infrastrukturu təmin etməyə sadiqdir”, – deyə Y.Abdullayev qeyd edib.

 

Seçilən
1
1
xalqqazeti.az

4Mənbələr