AZ

“Yaşıl” keçidə yolu “yaşıl” maliyyə açacaq

Dünən Bakıda COP29 çərçivəsində “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” mövzusunda panel keçirilib.

COP29 Sədrliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə təşkil olunan iclasda Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Taleh Kazımov ölkəmizdə dayanıqlı inkişaf istiqamətində həyata keçirilən tədbirlər, emissiyaların azaldılması yönündə qarşıya qoyulan məqsədlərdən bəhs edib.

Dünya Bankının dayanıqlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogele çıxışında deyib ki, ölkələr və şirkətlər iqlim dəyişikliyi ilə mübarizədə emissiyaların azaldılması və adaptasiya proseslərini bərabər, paralel aparılmalıdır. Dövlət və özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməyinin vacibliyini bildirən vitse-prezidentinin sözlərinə görə, Dünya Bankı iqlim dəyişikliyinin ölkələrə necə təsir etməsinə münasib olaraq həmin dövlətlərə maliyyə yardımı ayırmağı vacib sayır. O deyib ki, bank qarşıdakı 10 il ərzində iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard ABŞ dolları ayırmağı planlaşdırır: “2030-cu ilədək inkişaf etməkdə olan ölkələrə karbon qazı emissiyalarını azaltmaq və gələcək risklərə hazırlaşmaq üçün illik 2,4 trilyon dollar lazım olacaq. Ölkələr, insanlar, iqtisadiyyatlar və şirkətlər çətin dövrlərdən keçirlər. Buna görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankı adından mənim mesajım ola bilər”.

Ötən il Dünya Bankının inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları ayırdığını xatırladan Yurgen Vogele bunu iqlim maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstək kimi dəyərləndirib. O bildirib ki, ölkələr, xüsusilə kiçik ada dövlətləri, fəlakətlərlə qarşılaşdıqları zaman, həqiqətən, köməyə ehtiyac duyurlar. “Hazırda 14 ölkə ilə sazişlərimiz var. Bu ölkələr fəlakətlə qarşılaşdıqları halda borc ödənişlərini təxirə sala və ya azalda biləcəklər. Bu, böyük dəstək göstərir”, – deyə o bank rəsmisi əlavə edib.

Panel iclasda çıxış edən Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Bo Li təmsil etdiyi qurumun 2 il əvvəl dayanıqlılıq və davamlılıq fondu çərçivəsində keçirdiyi islahatları xatırladaraq bildirib ki, bu zaman “yaşıl” iqtisadiyyat, “yaşıl” makroiqtisadiyyat kimi iqlim dəyişikliyinə töhfə verəcək məsələlərə xüsusi diqqət yetirilib: “Həmkarlarımız müəyyən strategiyalar üzərində çalışır, biz isə həmin strategiyalar çərçivəsindəki layihələrə maliyyə vəsaiti ayırırıq”.

Avropa Yenidənqurma və İnkişaf Bankının siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman çıxışında təmsil etdiyi qurumun “yaşıl” iqtisadiyyata keçidlə bağlı planlara, layihələrə daha çox maliyyə ayırdığını diqqətə çatdırıb.

Asiya İnkişaf Bankının vitse-prezidenti Yinqminq Yanq bankın bu sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, qurum üçün əsas məqsədlərdən biri iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı ayırmaqdan ibarətdir. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə dayanıqlı maliyyə sistemlərinin inkişafı və gücləndirilməsi üçün səylərini artırır: “Biz müştəri bankları iqlim maliyyələşdirmə sistemlərini tətbiq etmək və institusionallaşdırmaq üçün ənənəvi kreditlərdən yararlanaraq iqlim layihələrinin kreditləşdirilməsini artırırıq. Həmçinin, ölkələrə iqlim maliyyələşdirilməsi üçün hərtərəfli çərçivə yaratmağa kömək etmək məqsədilə siyasətə əsaslanan kreditlərdən də aktiv şəkildə istifadə edirik.

Çıxışlardan sonra panel iclası öz işini müzakirələrlə davam etdirib.

 

Seçilən
13
xalqqazeti.az

1Mənbələr