AZ

Sülh danışıqları ilayrıcında

Ermənistanın havadarları təxribatçı rolunda, Paşinyan isə yenə də sülhdən danışmağa başladı; rəsmi Bakı ilin sonunu işarə etdi 

Bakının ev sahibliyi ilə keçirilən BMT konfransına - COP29-a gəlməyən Ermənistan rəhbərliyi yenə də sülh bəyanatlarını bir-birinə calamaqdadır. Əslində Azərbaycan paytaxtında keçirilən tədbirə qatılmaqla sülh və əməkdaşlıq istiqamətində irəliyə doğru addım atmaq şansını əldən verən Nikol Paşinyan hakimiyyəti növbəti dəfə havadarlarının, xüsusilə də Makron Fransası başda olmaqla, avantürist qüvvələrin havasına oynamağa üstünlük verdi. Faktiki olaraq Ermənistanın havadarları katalizator rolunda çıxış edirlər və Paşinyan sanki bunun fərqində deyil.

Bununla belə, COP29-da niyə iştirak etmədiyi barədə sualı cavabsız buraxan Paşinyan bu ayıbını ört-basdır etməkdən ötrü yenə də “sülhpərvərlik” nümayiş etdirir. “Kazanda regional kommunikasiyaların açılması məsələsində hər iki tərəf üçün məqbul həll yolunun əldə olunması barədə danışıqlar aparılıb” deyən Paşinyan parlamentdə köhnə xatirələrini bölüşüb. Paşinyan Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü “səmərəli və çox vacib” adlandırıb. O, Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğunu ifadə edir: “Onu qeyd edim ki, aramızda belə uzun söhbət heç vaxt olmayıb”.

Bu arada, danışıqlar raundunun növbəti mərhələləri ilə bağlı anonslar gəlməkdədir. Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar. Bunu TASS-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, noyabrın sonuna qədər Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur: “Ola bilsin, dekabr ayından etibarən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”. H.Hacıyevin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar mövcuddur: “Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədiyi üçün ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ona görə də hazırda bu kontekstdə prosesin ləngidiyi hiss edilir. Böyük ehtimalla, dekabr ayından etibarən, artıq yeni proses olacaq”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb. “Mən indi rəqəmlər səsləndirmək istəmirəm, ancaq hələ razılaşdırılması vacib olan maddələr var”, - nazir qeyd edib.

Fərid

Fərid Şəfiyev 

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın hazırkı layihədən 3 maddənin çıxarılmasını təklif etdiyini deyib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlıdır. F.Şəfiyev bildirib ki, bu 3 məsələdən birincisi həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir: “Erməni xalqının Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi ilə bağlı aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən növbəti hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər. İkinci məsələ, tərəflərin sülh prosesinə qoşulmağa hazır olmasının çox yaxşı indikatorudur. Görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir. Üçüncü məsələ, Avropa İttifaqının hazırda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən, gələcəkdə hərbi missiyaya çevrilməsi istisna edilməyən mülki missiyası ilə bağlıdır. Avropa İttifaqının 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını görməzdən gəlməsi və Azərbaycanın razılığı olmadan missiya göndərmək üçün tələsməsi faktlarını nəzərə alsaq, aydın olur ki, Azərbaycan ərazilərimizi talan etmiş və dağıtmış təcavüzkar dövlətin tərəfində duran bu quruma etimad edə bilməz". Ekspertlərimiz rəsmilərin və F.Şəfiyevin dedikləri ilə bağlı maraqlı şərhlərini bölüşdülər.

Laçının

Elçin Mirzəbəyli

Deputat, ƏHD Partiyasının sədr müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dekabr ayından etibarən danışıqların davam etdirilməsi mümkündür, amma bunun ölkə və hökumət başçıları səviyyəsində baş tuta biləcəyi ehtimalı çox azdır: “Ola bilsin ki, komissiyalar, işçi qrupları, ən yaxşı halda isə xarici işlər nazirləri və baş nazirin müavinləri səviyyəsində görüşlər keçirilsin. Əgər Ermənistanın sülh sazişinin razılaşdırılmayan maddələri ilə bağlı yanaşmasının dəyişmədiyini nəzərə alsaq, ilin sonuna kimi sülh sazişinin imzalanacağı inandırıcı görünmür. Qənaətimə görə, qarşıdakı aylarda COP29 və ABŞ-da keçirilən son prezident seçkisi ərəfəsində natamam sülh müqaviləsi ilə bağlı Ermənistanın və himayəçilərinin nümayiş etdirdiyi fəallıq nəzərə çarpmayacaq. Çünki ötən bir neçə ay ərzində sözügedən istiqamətdə ölkəmizə edilən təzyiqlər heç bir nəticə vermədi və hətta qarşıdakı, təxminən 3 ay ərzində edilməsi ehtimal olunan təzyiq cəhdlərini də sıradan çıxardı. Bu, o deməkdir ki, demokratlar Ağ Evi xarici siyasətdə uğradıqları rüsvayçı uğursuzluqla respublikaçılara təhvil verəcəklər və qarşıdakı 4 ildə onların həlledici məsələlərlə bağlı Tramp administrasiyasına təsir göstərmək imkanları həddindən artıq məhdud olacaq”. 

E.Mirzəbəyli hesab edir ki, fevraldan etibarən, Ağ Ev üçün daxili iqtisadi amillər, enerji siyasəti və Yaxın Şərqdə mövqelərin möhkəmləndirilməsi prioritet istiqamət kimi başlıca amilə çevriləcək: “ABŞ qlobal iqtisadi mövqelərinin gücləndirilməsi istiqamətində həmlələrini artıracaq və Çinin qlobal layihələrinin effektivliyinin azalması, həmçinin Pekinin Mərkəzi və Qərbi Asiya, eləcə də Afrikadakı investisiyalarının arzuolunan nəticələrə gətirib çıxarmaması üçün səylərini gücləndirəcək. Bu müddət ərzində Cənubi Qafqaz Tramp administrasiyası üçün başlıca hədəf olmasa da, ətraf bölgələrdə və digər istiqamətdə ABŞ-ın maraqlarının qorunması üçün Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına, Rusiyanın bölgədəki təsir imkanlarının təhlükəsizlik baxımından qorunub saxlanılmasına xidmət edən addımların atılması mümkündür”. Deputat hesab edir ki, ABŞ-ın yeni administrasiyasının Qara dəniz və Xəzər hövzələrinə, birbaşa, yaxud region dövlətlərinin vasitəsilə yeni oyunçuların daxil olmaması üçün Kremllə müvəqqəti anlaşma əldə edəcəyi ehtimalı da az deyil: “Düşünürəm ki, fevraldan etibarən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi istiqamətində bir sıra konkret addımların atılması, həmçinin sülh üçün fundamental əhəmiyyət kəsb edən məqamların öz həllini tapması mümkündür”.

Rusiyanın

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu mövzudan bəhs edərkən bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və strateji sənədin də imzalanması istiqamətində danışıqlar gedir: “Kazan görüşü tərəflər arasında məhsuldar görüş idi və bu prosesi irəliyə apardı. COP29-a görə danışıqlar prosesində fasilə yaransa da, dekabr ayında danışıqlarda ciddi irəliləyiş olacaq. Dəmiryol xəttinin açılması da gündəmdədir. Ermənistan üç təklifi sənəddən çıxarmaq hesabına sülh müqaviləsinin bağlanmasını istəyir. Düşünürəm ki, Azərbaycana belə bir sülh lazım deyil. Konstitusiyadan və qanunvericilik bazasından Azərbaycana aid bəndlər çıxarılmadan sülh mümkün deyil”. M.Əsədullazadə digər məqama da diqqət çəkdi: “Ermənistan niyə sərhəddə üçüncü qüvvələri yerləşdirməlidir?! Bu, onu göstərir ki, İrəvan səmimi sülhdə maraqlı deyil. Azərbaycan beynəlxalq hüquqa söykənir. Ermənistan tərəfi sülhə tələsirsə, şərt dilində danışmamalıdır. Ümumiyyətlə, prosesi yubadan Ermənistan tərəfidir. Düşünürəm ki, ilin axırına kimi də sülh müqaviləsinin bağlanması mümkün görünmür. ABŞ Türkiyə ilə koordinasiyalı şəkildə sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar aparır. Bayden administrasiyası ilin axırına kimi sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Ermənistan üç fundamental məsələnin çıxarılmasını israr edəcəksə, sülh olmayacaq. Yaxşı olardı ki, Vaşinqton İrəvanı üç bəndlə razılaşmağa sövq etsin. Proseslər Azərbaycanın lehinə işləyir. Biz imkan verə bilmərik ki, Ermənistanda gələcəkdə revanşizm Ermənistan Konstitusiyasına görə qanuni şəkildə baş qaldırsın”.

Bir neçə ay əvvəl Ermənistanda həyəcan yaşanırdı ki, COP-dan sonra guya Azərbaycan hansısa sərt tədbirlərə əl atacaq. Əslində Ermənistan özü xain təxribatlara hazırlaşırdı və sürətli silahlanma bunun sübutu idi. Amma Azərbaycan tərəfdən sərt xəbərdarlıqlar, deyəsən, işə yaradı və düşmən tədricən özünü yığışdırmağa başladı. Gözləyək, görək sülhdən danışan ölkə sülhə gələcəkmi?..

E.PAŞASOY,
“Yeni Müsavat”

Seçilən
8
musavat.com

1Mənbələr