AZ

Gəlirləri rekord səviyyəyə çatan "Siemens" böyük ixtisarlara hazırlaşır

Xalis mənfəət və gəlirdə rekord nəticələr əldə edən "Siemens AG" dünya üzrə işçi qüvvəsini azaltmağı planlaşdırır.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Münhendə keçirilən illik mətbuat konfransında çıxış edən şirkətin idarə heyətinin sədri və baş icraçı direktoru (CEO) Roland Buş, sənaye avtomatlaşdırması sahəsindəki mənfi tendensiyalara cavab olaraq işçi sayında azalma edilə biləcəyini qeyd edib. O vurğulayıb ki, avtomatlaşdırma sektorundakı çətinliklərə baxmayaraq, elektrifikasiya, nəqliyyat və sənaye proqram təminatı məhsullarına olan güclü tələbat şirkətə müsbət təsir edir.

"Zaman-zaman yenidən strukturlaşdırmaya ehtiyac duyuruq, çünki gözlədiyimiz inkişaflar baş vermədi. Dünya üzrə bir və ya bir neçə tənzimləmə aparmalı olacağıq," - deyə Roland Buş qeyd edib.

O əlavə edib ki, ixtisarlar dördrəqəmli rəqəmləri əhatə edə bilər, lakin hələ dəqiq göstəricilər müəyyən edilməyib.

Gəlirlər rekord səviyyəyə çatıb

Digər tərəfdən, "Siemens" dünya üzrə rəqəmsal sənayelər bölməsində 70 mindən çox işçini işlə təmin edir.

2024-cü maliyyə ilində (30 sentyabrda başa çatıb) "Siemens AG"nin gəlirləri əvvəlki ilə nisbətən 3% artaraq 75,9 milyard avroya çatıb. Şirkətin xalis mənfəəti isə 5% artaraq 9 milyard avroya yüksəlib. Bununla Alman şirkəti indiyə qədər ən yüksək xalis mənfəət göstəricisini qeydə alıb. Bu dövrdə hər səhm üçün təklif olunan dividend 4,20 avrodan 5,20 avroya artırılıb.

Şirkətin bəyanatına görə, "Siemens"in sifarişləri əvvəlki ilə nisbətən 4% azalaraq 84,1 milyard avroya enib. Sifariş-satış nisbəti isə 1,11 olub. Şirkətin sənaye bölməsinin mənfəəti isə 1% artaraq 11,4 milyard avroya çatıb. Sənaye bölməsinin mənfəət marjası 15,5%-lə 2023-cü maliyyə ilində ən yüksək səviyyəyə çatıb.

Rəhim

Seçilən
6
valyuta.az

1Mənbələr