Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı statistika 2023-cü ildə rekord həddə çatıb:
"Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birilərinə qarşı maneələr yaradırlar".
Nazir bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 faizidir: "İqlim layihələri üçün birgə çalışmaq ümumi işin "onurğa sütunu"dur".
Nazir Azərbaycan Respublikasını və tədbirin təşkilatçılarını belə bir əhəmiyyətli sessiyanın keçirilməsinə görə təbrik edib: "Bu tədbir həm ölkələrarası əməkdaşlığın gücləndirilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir" - deyə Şeyx Seyf bin Zayed Əl Nəhyan qeyd edib.