AZ

"Nvidia" səhmlərini satmayın, 25% artım gözlənilir - Analitiklər

“Nvidia”nın növbəti nəsil “Blackwell” GPU çipini təqdim etməsi, şirkətin səhmlərinin daha da yüksəlməsi üçün əsas səbəblərdən biri ola bilər.  

“Melius Research” analitikləri bildirirlər ki, hazırda “Nvidia” səhmlərini satmaq, “Apple”ın ilk iPhone-u təqdim etdikdən sonra səhmlərini satmağa bənzəyir. 

Valyuta.Az xəbər verir ki, analitiklərin hesabatında şirkətin qiymətləndirmə baxımından rəqibləri ilə müqayisədə hələ də cəlbedici olduğu qeyd olunur.  

“iPhone anı” ilə müqayisə  

“Melius Research”in həftəlik analitik hesabatında bildirilib ki, “Nvidia”nın tarixi rekord səviyyələrə çatmış səhmlərini saxlamaq investorlar üçün əlverişli ola bilər. Şirkətin növbəti nəsil “Blackwell” GPU çipi texnologiyada əhəmiyyətli dönüş nöqtəsi hesab edilir.  

“Melius” şirkətinin idarəedici direktoru Ben Raytses, “Nvidia”nın qiymət hədəfini 185 dollara yüksəldib. Bu, səhmlərdə cari səviyyədən 26% artım potensialını göstərir.  

Raytses bildirib ki, “Nvidia”nın mövcud durumu “Apple”ın ilk iPhone dövrü ilə müqayisə oluna bilər və bu mərhələdə səhmləri satmaq yanlışdır:  

“Bu, təxminən 15 il əvvəl “Apple”ın iPhone məhsul dövrü ilə bağlı hisslərin oxşarını xatırladır, lakin fərqli miqyasda. Bu səbəbdən qəribə səslənsə də, “Hopper” çipindən sonra “Nvidia”dan imtina etmək, iPhone 1 və ya 2 dövründə “Apple”dan imtina etməyə bənzəyir”.

Süni intellektin təməli  

“Nvidia” səhmləri, “OpenAI”nin 2022-ci ilin noyabrında ChatGPT-ni istifadəyə verməsindən sonra sürətlə yüksəlib. O vaxtdan bəri “Nvidia”nın bazar dəyəri təxminən 800% artaraq 3,5 trilyon dollarlıq kapitalizasiyanı keçib.  

Şirkətin “Hopper” və yaxın zamanda təqdim ediləcək “Blackwell” GPU çipləri, süni intellekt texnologiyalarının əsasını təşkil edir. Bu texnologiyalar arasında ChatGPT, mətnlərdən videoya çevrilmə alətləri və avtonom nəqliyyat vasitələri xüsusilə vurğulanır.  

“İri bulud provayderləri, suveren dövlətlər və böyük müəssisələr bu bir dəfəlik fürsətə daha çox sərmayə qoymağa davam edəcəklər,” deyə Raytses bildirib.  

Gələcəkdə daha böyük qazanc gözləntisi  

“Melius Research”in analitik hesabatına əsasən, “Nvidia” investorları qarşıdakı illərdə daha böyük qazanc əldə edə bilərlər.  

“Biz yalnız “Blackwell” çipinin 2025-ci ildə gətirəcəyi artımdan deyil, həm də “Rubin” çipinin 2026-cı ildə təqdim olunmasından həyəcanlanırıq. Həmçinin, ümumi mənfəət marjalarının 2026-cı maliyyə ilinin ortalarına qədər 70%-i keçəcəyinə inanırıq,” deyə Raytses vurğulayıb.  

Analitik, “Nvidia”nın 2027-ci ilə qədər hər səhm üçün 5 dollardan çox qazanc əldə edəcəyini, lakin bu göstəricinin hazırkı proqnozlardan aşağı görünə biləcəyini bildirib. 2025-2027-ci illər üçün şirkətin gəlir və mənfəət proqnozları da artırılıb.  

“Nvidia”nın cari göstəriciləri ilə bağlı məlumatlarda vurğulanıb ki, şirkətin PEG nisbəti təxminən 0,8x təşkil edir. Bu, “Nvidia”nı “Broadcom” ilə müqayisədə 33% daha cazibədar edir və “Mag 7” qrupu içərisində ən aşağı göstəricilərdən biridir.  

“Nvidia” səhmləri cari ilin əvvəlindən etibarən 197% artaraq 149,77 dollarlıq tarixi rekord səviyyədən təxminən 2% aşağı ticarət olunur.  

Aydın

QEYD: Yazı məlumat xarakterlidir, yatırım tövsiyyəsi deyildir.

Seçilən
12
valyuta.az

1Mənbələr