ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp keçmiş demokrat konqresmen Tulsi Qabbardın namizədliyini Milli Kəşfiyyatın direktoru vəzifəsinə irəli sürüb.
"Cebheinfo.az" xəbər verir ki, Trampın bu seçimi kəşfiyyat dünyasını çaşdırıb.
ABŞ mətbuatında yer alan xəbərə görə, Qabbardın seçilməsi milli təhlükəsizlik qurumlarında şok effekti yaradıb.
Amerika kəşfiyyatının rəhbəri olacaq Tulsi Qabbardın qurumları siyasiləşdirəcəyi ilə bağlı narahatlıqlar artıb.
Kəşfiyyat təcrübəsi az olduğu üçün tənqid edilən Qabbardın Rusiya və Suriya kimi mühüm məsələlərə qarşı zəif ola biləcəyi bildirilib.
Təhlükəsizlik mənbələri bildiriblər ki, Tramp vəzifəyə gəldikdən sonra kəşfiyyat məlumatlarının mübadiləsində ilkin yavaşlama ola bilər.
43 yaşlı Qabbard Ukraynaya qarşı müharibədə Rusiyayönümlü bəyanatları ilə tanınır. 2022-ci ildə Demokrat Partiyasını tərk edən Qabbard prezident Co Baydenin Ukraynaya dəstəyini tənqid edib.
Obama administrasiyası dövründə ABŞ-nin Suriyadakı vətəndaş müharibəsinə hərbi müdaxiləsinə də qarşı çıxan Qabbard 2017-ci ildə Vaşinqtonun bütün diplomatik əlaqələrini kəsdiyi Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Qabbardın Milli Kəşfiyyatın Direktoru olması üçün ilk növbədə ABŞ Senatının 100 üzvünün əksəriyyəti tərəfindən təsdiqlənməlidir.
Yanvar ayından etibarən respublikaçıların Senatda ən azı 52 və 48 yerlə çoxluğu əldə edəcəyi gözlənilir.