AZ

Erkən xəbərdarlıq sistemləri insan həyatını xilas etməyin və infrastrukturun qorunmasının açarıdır – BMT

Erkən xəbərdarlıq sistemləri insan həyatını xilas etməyin və infrastrukturun qorunmasının açarıdır.

Olaylar xəbər verir ki, bunu BMT Baş katibinin Təbii Fəlakət Risklərinin Azaldılması Ofisindəki (UNDRR) xüsusi nümayəndəsi Kamal Kişor "Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə deyib.

"Bu sistemlərin səmərəli tətbiqi olmadan fəlakətlərdən yaranan insan itkilərini və iqtisadi zərərləri azaltmaq üçün qlobal hədəflərə nail olmaq mümkün deyil", - deyə o vurğulayıb.

Kamal Kişor erkən xəbərdarlıq sistemlərinə investisiyaların vacibliyini vurğulayıb və bunun "Senday" proqramının 7 məqsədindən biri olduğunu xatırladıb.

O qeyd edib ki, erkən xəbərdarlığa çıxışın təmin edilməsi digər məqsədlərə, o cümlədən, ölüm hallarının azaldılması və fəlakətlərdən əziyyət çəkənlərin sayının azaldılmasına nail olmaq üçün həlledici əhəmiyyət daşıyır.

O, həmçinin, erkən xəbərdarlıq probleminin həm Cənub, həm də Şimal ölkələri üçün aktual olduğunu bildirib.

"Son ayların hadisələri göstərdi ki, təbii fəlakətlər bütün regionlara təhdid yaradır. Biz həm qısamüddətli proqnozlar, həm də uzunmüddətli iqlim tendensiyaları üçün işləməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

2Mənbələr