“Barselona”nın fransalı sağ cinah müdafiəçisi Jül Kunde “blauqrana”nın heyətində ən intizamsız futbolçudur.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Belə ki, Kunde “blauqrana”nın baş məşqçisi Hans-Diter Flik tərəfindən məşqə kecikmələrə görə cəzalandırılmış yeganə futbolçudur. Üstəlik, “Hansi” Flik Kundeni müvafiq səbəbdən düz üç dəfə cəzalandırıb.
İlk dəfə, Kunde məşqə mövsümöncəsi toplanış zamanı gecikib. O vaxt fransalı futbolçu oyunöncəsi təlimat üçün toplanışa vaxtında yetişməyib. Kounde daha sonra “Alaves”lə oyun ərəfəsində iki dəqiqə gecikərək, ehtiyat oyunçular skamyasına oturdulub.
Kundenin üçüncü hoqqası isə “Espanyol”la oyundan əvvəl, müdafiəçinin bir dəqiqə gecikdiyi zaman baş verib ki, bu da Fliki cin atına mindirib. Kundenin özü bu intizamsızlığına dair heç bir əsas gətirməyib.
Jül Kunde “Bordo”nun yetirməsidir. Buradan “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib.
Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kunde “blauqrana” üçün 17 oyuna çıxıb, 1 qol vurub, 4 məhsudlar ötürmə verib.
Kundenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 105 oyun, 4 qol, 14 məhsuldar ötürmədən ibarətdir.
Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 39 oyun keçirib.
Jül Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı sağ cinah müdafiəçisi Jül Kundenin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.