AZ

"Düzgün yolda olduğumuza zərrə qədər də şübhə etmirəm" – Fernando Santuş

Millimiz Millətlər Liqasının 5-ci turu çərçivəsində Qəbələdə keçirilən matçda Estoniya ilə bacarmadı - 0:0.
"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santuş oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Niyə qələbə qazana bilmədik?
- Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqədə maraqlı matç izlədik. Hər iki komanda təhlükəli vəziyyətlər yaratdı. 20-ci dəqiqədən sonra yalnız biz hücum etdik. Oyunçularım qələbə qazanmaq üçün əllərindən gələni əsirgəmədi. İstər cərimə meydançasından və cinahlardan, istərsə də kənardakı mövqelərdən bəxtimizi sınadıq. Futbolda belə şeylər olur. Oyunçular matça fərqli yanaşdı. Üzülürük. Qələbə qazana bilmədik. Burda rəqibin də payı var. Çox yaxşı müdafiə olundular.
- Sonuncu yerdəyik. Çox güman, D liqasına yuvarlanacağıq. Bu, Santuş üçün şəxsi faciədimi?
- Əlbəttə! Biz də C liqasından düşmək istəmirdik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın göstərdiyi performans bizə düzgün yolda olduğumuzu düşündürür. Vacib olan amil odu ki, gələcəkdə hər şey yaxşı olacaq. İndiki vəziyyət isə ürəkaçan deyil.
- Ardıcıl 5 oyunda qələbə qazana bilməməyimizin səbəbini nədə görürsüz?
- Son üç oyunda rəqiblərdən daha yaxşı oyun nümayiş etdirdik. Bəzi matçlarda müdafiə xəttində səhvlər etdik. Məsələn, bu gün qol çatışmadı. Halbuki əvvəlki oyunlarda qol vururduq...
- Rza Cəfərov özünü doğrultdu. Ona növbəti matçda da şans verə bilərsizmi?
- Əminliklə deyə bilərəm ki, qarşıdakı oyunda onu qapıda görə bilərsiz.
- Xeyli azarkeş Ramil Şeydayevin performansından narazıdı. Növbəti matçda onun yerinə başqa futbolçu görə bilərikmi?
- Ramil bu gün pis oynadı?
- Bəli.
- Bu sizin fikrinizdi. Düşüncənizə hörmətlə yanaşıram.
- Qol böhranından xilas olmaq üçünyol varmı?
- Bu matçda Mahir və Renat yox idi. Musanı meydana buraxdıq. Amma o, uzun müddət idi oynamırdı. Nəriman da getdikcə daha yaxşı oynayır. Təəssüf ki, Azərbaycan çempionatında hücumameyilli yürımmüdafiəçilərin əksəriyyəti legionerdi. Buna baxmayaraq, futbolçuların daha yaxşı çıxış etməsi üçün əlimizdən gələni edəcəyik.
- Qrup sonuncusu olan yığmanı əcnəbi məşqçinin çalışdırması realdımı? Siz federasiya rəhbəri olsaydız, millini əcnəbiyə tapşırardızmı?
- Bu haqda daha əvvəl danışmışam. Sizi çox yaxşı başa düşürəm. Belə sual verməyə haqqınız var. Amma daha əvvəl bu haqda fikirlərimi bildirmişəm. Yenə deyirəm, məqsədim 2028-ci ildə Avropa çempionatında çıxış edəcək komanda yaratmaqdı. Bura başqa məqsədlə gəlməmişəm. Azərbaycan xalqına hörmətlə yanaşıram. Məlum layihənin bir hissəsiyəm. Və inanıram ki, istədiyimizə nail olacağıq. Azərbaycan millisinə bu günə qədər qazanmadığı uğurları qazandıra bilməyəcəyimi düşünsəm, bura gəlməzdim.
- Cənab Santuş hər mətbuat konfransında bizə ümid verirsiz. Biz indiyə qədər belə baş məşqçilər çox görmüşük. Bu gün ümid üçün potensial yoxdu. Hansı əsasla bizə boş-boş ümidlər verirsiz?
- Mən ümid vermirəm. Bura layihə üçün gəlmişəm. Hər işin öz qaydası var. Məqsədimiz 4-5 il ərzində yaxşı mübarizə aparan Azərbaycan millisi qurmaqdı. Eyni anda oyunçu yetişdirməliyəm. Hər dəfə daha güclü heyət qurmağa çalışırıq. Bütün dünyada belədi. Hamı bu yolu gedir. Hamı eyni düşünür. Portuqaliya, Fransa, Gürcüstan və İtaliya kimi ölkələrdə də belədi. Biz yolumuzu dəyişsək, səhv etmiş olacağıq. Başqa yol legioner futbolçuları "milliləşdirməkdi".
- Biz o yola çoxdan keçmişik.
- Və bu yol nəticə verməyibsə, deməli, mən dediyim yolu seçməliyik. Portuqaliya bu yolla ildən-ilə gücləndi. Gürcüstan millisi 10 il əvvəl bu layihəylə yola çıxıb.
- Gürcüstanlı futbolçularda olan potensial bizimkilərdə yoxdu...
- Var. Azərbaycanlı futbolçuların çox yaxşı texniki keyfiyyətləri var. 16-17 yaşlı futbolçuları belə layihələrə cəlb etməliyik. Onlar yalnız futbolu düşünməlidi. Düzgün yolda olduğumuza zərrə qədər də şübhə etmirəm.
- Möcüzə baş verməsə, D liqasında San Marino, Cəbəllüttariq kimi yığmalarla qarşılaşacağıq. Belə zəif komandalara qarşı keçirilən oyunlar millimizə nə dərəcədə xeyir verəcək?
- Millinin matçları hər ay keçirilmir. İsveçlə matçdan sonra marta qədər oynamayacağıq. Azərbaycan yığması sonuncu qələbəsini Monqolustan üzərində qazanıb. Rəqib güclü olmaya bilər, amma həmin matç tarixə qələbə qazandığınız oyun kimi düşüb...
- Gürcüstan millisini nümunə göstərdiz. Həmin yığmanın oyunçuları Avropada legioner həyatı yaşayır. Bizimkilər isə bu yöndə nəsə bacarmır. Siz futbolçularımızın legioner həyatı yaşamasında maraqlısızmı?
- Oyunçuların inkişaf etməsi üçün əlimdən gələni edəcəm. Amma 10 il əvvəl Gürcüstan millisinin futbolçuları da legioner həyatında uğur qazanmırdı. Önəmli layihə sayəsində inkişaf etdilər. Təbii ki, futbolçuların daha güclü çempionatlarda çıxış etməsi daha yaxşıdı. İndi isə gələcəyimizi qurmalıyıq.
KƏNAN BAHADIR

Seçilən
32
football-plus.az

1Mənbələr