Ermənistanın infrastruktur naziri və vergi orqanlarının rəhbəri baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi veriblər.
Bu barədə “Shamshyan.com” saytı yazıb.
Qeyd olunur ki, Rüstəm Badasyan və Qnel Sanosyan baş nazir Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıblar.
Öz növbəsində “24news” da yazıb ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Bundan əlavə, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa verənlərə qoşulub.
Erməni KİV-ləri “Mülki müqavilə”nin üzvləri Ovik Ağazəryan və Narek Zeynalyanın deputat mandatlarından imtina edəcəklərini yazır.
Yayılan məlumatlara görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa ərizəsi yazıb.
Səs-küylü istefaların hələ rəsmi təsdiqi yoxdur. Tezliklə baş nazirin qərarının elan ediləcəyi gözlənilir.
Məlumatlarda o da vurğulanır ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini sərt tənqid etməsindən sonra baş verib.