İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) iqlim dəyişikliyi ilə mübarizə üçün strategiyası davamlılığı təşviq etmək üçün ənənəvi müdrikliyi müasir texnologiya ilə birləşdirməyə yönəlib.
Bizim.Media report-a istinadən xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik COP29 çərçivəsində təşkil olunmuş "Davamlı Gələcək üçün İrsin Yetişdirilməsi: Kənd Təsərrüfatı, Mədəniyyət və İqlim Dayanıqlılığının İnteqrasiya edilməsi" adlı tədbirdə bildirib.
"Strategiyamızın 5 əsas komponenti var. Bunlardan birincisi iqlimə uyğunlaşmadır - kənd təsərrüfatı biliklərinin dəyişən iqlim şəraitinə davamlılığa qədər inteqrasiyası nəzərdə tutulur.
İkincisi, biomüxtəlifliyin qorunmasıdır - ərzaq təhlükəsizliyini artırmaq üçün irsi bitkilərin becərilməsi və ənənəvi torpaq idarəetmə təcrübələrindən istifadə edilməsi nəzərdə tutulur.
Üçüncüsü suyun idarə edilməsidir - sudan istifadəni optimallaşdırmaq, su qıtlığını aradan qaldırmaq üçün qədim suvarma üsullarını GIS kimi müasir alətlərlə birləşdirmək nəzərdə tutulur.
Dördüncüsü, torpağın sağlamlığının qorunması və davamlı kənd təsərrüfatının təmin edilməsidir - kimyəvi maddələrdən asılılığı azaltmaq üçün ənənəvi torpaq idarəetmə təcrübələrinin təşviqi nəzərdə tutulur. Beşincisi, mədəni quruluşu zənginləşdirmək və kənd icmalarını dəstəkləmək üçün sosial-mədəni qorunma, ənənəvi bilik və təcrübələrin tətbiqi nəzərdə tutulur", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, üzv ölkələrdə strategiyanın necə tətbiq oluna biləcəyini araşdırmaq üçün pilot layihənin icrasına start veriləcək: "Regional əməkdaşlığı inkişaf etdirməklə, davamlı kənd təsərrüfatına təkan verə biləcək bilik və ən yaxşı təcrübələri paylaşmağı hədəfləyirik".
Bizim.Media