AZ

İcazə qərarı cəbhədə vəziyyəti dəyişəcəkmi?

Bu qərar Trampın Ağ Evə qayıdışından sonra  Ukraynaya silah tədarükünün azalması ehtimalı ilə bağlıdır

Hazırda Rusiya və Ukrayna orduları arasında şiddətli döyüşlər davam edir. Beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması ilə bağlı çağırışları isə nəticə vermir. Əksinə, son vaxtlar Rusiya ordusu hücumlarını daha da gücləndirib və Ukrayna ərazisində yeni yaşayış məntəqələri ələ keçirir.

Belə bir şəraitdə  Ukrayna hakimiyyəti Qərb ölkələrindən daha güclü dəstək istəyir. Belə ki, Prezident Zelenski uzun müddətdir müttəfiqlərin verdiyi silahlarla Rusiya ərazisinin dərinliklərindəki hərbi hədəfləri vurmaq üçün icazə almağa çalışırdı. Kiyev hesab edir ki, dərinliklərdəki hədəflər vurularsa, Rusiyanın hücumları əhəmiyyətli dərəcədə azala bilər.

ABŞ, Böyük Britaniya və Fransa Kiyevə gözlənilən icazəni verib

Məhz bu səbəblərdən bir müddət idi ki, ABŞ və Böyük Britaniya hökumətləri Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə icazə verilməsini müzakirə edirdilər. Burada söhbət həm də ABŞ-nin naviqasiya məlumatları ilə Britaniya qanadlı raketlərinin istifadəsindən gedir. Bu məsələ sentyabr ayından xüsusilə aktuallaşmışdı. Kiyev Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün daha güclü Qərb silahlarında israr edərkən, rəsmi şəxslər Ağ Evin Ukraynaya sərhədyanı hücumlarda Böyük Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verib-verməyəcəyi barədə də danışıblar. Hətta “Politico” nəşri sentyabrda ABŞ və Böyük Britaniya Rusiyaya zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldıra biləcəyini yazmışdı. Bu razılaşmanın sentyabrın 24-dən 30-dək NyuYorkda keçirilən BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində elan ediləcəyi gözlənilsə də, belə olmadı. Həmin vaxt  bu haqda qərar açıqlanmasa da, razılaşmanın gizli saxlanıldığı ehtimal olunurdu.

Artıq ABŞ və digər bəzi Qərb ölkələrinin Ukraynaya belə bir icazə verdiyi açıqlanıb. “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib. Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib. Bununla bağlı  ABŞ liderinin müşavirləri arasında fikirlər parçalanıb. Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

G7 liderləri müharibənin mininci günündə...

“Le Figaro” qəzeti isə yazır ki, Fransa və Böyük Britaniya da Ukraynaya uzaq mənzilli silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə veriblər. Məlumata görə, rəsmi Kiyev bu məqsədlər üçün “SCALP/Storm Shadow” raketlərindən istifadə edə biləcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransanın məlum qərarları “Böyük Yeddiliyin” (G7) liderlərinin Rusiya-Ukrayna müharibəsinin başlamasının mininci günü ilə əlaqədar yaydığı bəyanatın fonunda verilib. Bəyanatda G7 liderləri rəsmi Kiyevə daimi dəstəyi bir daha təsdiqləyib, Ukraynanın suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və yenidən qurulması uğrunda apardığı mübarizəyə töhfə verməkdə həmrəylik ifadə ediblər.

NATO analoji qərar veribmi?

Xatırladaq ki, hələ bir neçə ay öncə NATO üzvlərindən Danimarka, Niderland və İsveç öz silahlarından Kiyevə Rusiyadakı hədəfləri vurmağa icazə vermişdilər. Həmin ölkələrin birgə açıqlamasında vurğulanırdı ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirmək hüququ var. Məsələ ondadır ki, “The Economist” jurnalında dərc olunan məqalədə bütövlükdə NATO-nun Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verdiyi barədə iddialar irəli sürülüb. Jurnal, bunun gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı ciddi suallar doğurduğunu qeyd edir. Məqalədə vurğulanır ki, Ukraynanın uzaqmənzilli raketlər vasitəsilə Rusiya paytaxtı Moskvanı hədəf alması ehtimalı beynəlxalq münaqişəni daha da dərinləşdirə bilər. NATO-nun belə bir qərar qəbul etməsi, Rusiya ilə Qərb arasında artıq mövcud olan gərginliyi yeni səviyyəyə qaldıra bilər.

Əsas suallardan biri isə NATO qoşunlarının birbaşa Rusiya ilə toqquşma ehtimalıdır. Jurnal qeyd edir ki, belə bir ssenari baş verərsə, bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı ola bilər. Məqalədə, həmçinin Rusiyanın belə bir ssenaridə cavab olaraq nüvə zərbəsi endirmə ehtimalı nəzərdən keçirilir. Bu ehtimalın reallaşması, qlobal səviyyədə böyük fəlakətlərə səbəb ola bilər. Rusiya dəfələrlə bəyan edib ki, ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı bir ciddi hücum ciddi cavabla qarşılanacaq. “The Economist”in məqaləsi hazırkı beynəlxalq münasibətlərin nə qədər gərgin olduğunu və NATO-nun Ukrayna siyasətinin dünya üçün potensial təhlükələr daşıdığını bir daha xatırladır.

İlon Mask hesab edir ki, Moskvanın cavabı adekvat olacaq

Donald Trampın komandasının üzvü olan milyarder İlon Mask da ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər göndərməsi ilə edilən zərbələrin Moskva tərəfindən “güzgü” şəkildə cavablandırılacağını bildirib. Maskın açıqlaması ABŞ-ın Ukraynanın silahlanmasını davam etdirməsi və bu silahların Rusiya ilə mübarizədə daha geniş şəkildə istifadə olunacağı gözləntiləri fonunda edilən bir şərhdir. O, bu hadisənin ardından Rusiya tərəfinin cavab zərbələrinin də eyni gücdə və tərzdə olacağına inandığını ifadə edib. Bundan əlavə, Mask Donald Trampın inauqurasiyasına qədər olan iki ayın “çox uzun” olacağını qeyd edib. O, bu dövrün siyasi və geosiyasi baxımdan olduqca gərgin keçəcəyini və ABŞ-ın daxili və xarici siyasətində yeni dəyişikliklərə yol açacağını vurğulayıb. Maskın bu açıqlaması Trampın potensial olaraq ABŞ-ın Ukraynaya dəstəyini azaldacağına dair artan narahatlıqları da əks etdirir.

“The Washington Post” qəzeti də  yazır ki, ABŞ Prezidenti Co Baydenin Ukraynaya ATACMS uzaqmənzilli raketlərindən istifadə icazəsi verməsi münaqişənin ümumi gedişatına əhəmiyyətli təsir göstərməyəcək. Nəşr qeyd edir ki, Bayden administrasiyası mümkün qədər Kiyevə geniş dəstək göstərməyə çalışır. Bunun səbəbi Donald Trampın Ağ Evə qayıdışı ehtimalıdır, çünki o, Ukraynaya silah tədarükünü azalda bilər.

N.BAYRAMLI

Seçilən
16
50
yeniazerbaycan.com

10Mənbələr