ABŞ-ın keçmiş prezidenti Co Baydenin Ukraynaya ATACMS raketlərindən istifadəyə icazə verməsinin əks-sədası davam edir. Raketlərdən istifadənin Üçüncü Dünya Müharibəsinin fitilini alovlandıracağına dair qiymətləndirmələr aparılır. Raketlərlə bağlı müzakirələr davam edərkən, Rusiyanın necə cavab verəcəyi, Baydenin niyə belə bir addım atması, Tramp administrasiyasının bu prosesi necə idarə edəcəyi sualları maraq doğurmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, bu sualları Yaxın Şərq üzrə ekspert Heydər Oruç cavablandırıb. Oruç çıxışına Bayden administrasiyasının vəzifədən getməzdən iki ay əvvəl Rusiyaya qarşı ATACMS kimi tanınan uzaqmənzilli taktiki raket sistemlərindən istifadə üçün Ukraynaya icazə verməsinin 2022-ci ildən bu yana davam edən Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə girməsinə səbəb olduğunu ifadə edərək başlayıb.
ATACMS raketlərinin bir ildir Ukraynada olduğunu, lakin istifadəsinə icazə verilmədiyini xatırladan Oruç, hazırda raket sistemlərinin istifadəsinə nə üçün icazə verildiyinə dair bir neçə ehtimalın olduğunu bildirib.
“Bunlardan birincisi Rusiyanın Şimali Koreyadan gəlmiş əsgərləri sahəyə yerləşdirərək üstünlük qazanmağa başlamasıdır. Odur ki, ABŞ administrasiyası belə bir strateji qərar verməklə meydanda vəziyyəti Ukraynanın xeyrinə balanslaşdırmağa və Rusiyanın üstünlüyünü aradan qaldırmağa çalışır. Lakin ABŞ administrasiyasında qərar dəyişikliyinin Şimali Koreyanın qoşun göndərməsindən dərhal sonra deyil, seçkilər başa çatdıqdan və Trampın prezident seçilməsindən sonra baş verməsi bizi əsas məqsədin bu olmadığını düşündürdü", - Oruç deyib.
İkinci proqnozun birinci proqnozdan daha rasional olduğunu bildirən politoloq deyib ki, ikinci proqnoz ABŞ-da administrasiya dəyişikliyi ilə bağlıdır. “Hamımız bilirik ki, Tramp kampaniya dövründə prezident olanda Rusiya - Ukrayna müharibəsini dayandıracağını demişdi. Hətta seçkidən sonra ilk çıxışında bu məsələyə toxunub və vəzifəyə başlayarkən onun birinci prioritetinin bu olacağını bildirib. Daha maraqlı tərəfi odur ki, həm Trampın kabinetinə daxil edəcəyini açıqladığı adlar, həm də oğlu kiçik Donald Tramp sosial media hesablarından verdiyi açıqlamalarda Rusiya-Ukrayna müharibəsinə toxunub və Ukraynaya bir daha yardım göstərilə bilməyəcəyini bildiriblər. Kiçik Danold Tramp hətta “Zelenskinin maaşının kəsilməsinə 38 gün qalıb” deyərək aşağılayıcı ifadə də işlədib”, - o deyib..
Trampın Ukraynanın maraqlarına cavab verməyəcəyinə dair açıqlamalar verdiyini vurğulayan Oruç bildirib ki, Tramp müharibəni sona çatdırmaq üçün Ukraynaya yardımı kəsəcək, həm də sırf Rusiyanı razı salmaq üçün Ukraynadan bəzi ərazi güzəştləri istəyə bilər. Göründüyü kimi, ABŞ-ın növbəti prezidentinin Ukrayna siyasəti ilə indiki administrasiyanın siyasəti demək olar ki, diametral şəkildə ziddiyyət təşkil edir. Ona görə də başa düşülür ki, Bayden administrasiyası indiyə qədər görülən işlərin nəticəsiz qalmaması üçün növbəti administrasiyanın əl-qolunu bağlayacaq bəzi addımlar atmaqdan çəkinmir.
Rusiya prezidenti Vladimir Putinin Bayden administrasiyasının bu hərəkətinə verdiyi cavabı xatırladan Oruç deyib ki, bu, təkcə Trampın əl-qolunu bağlamaqla məhdudlaşmayacaq, həm də Rusiyanın meydanda bəzi əlavə silahlar qoymasına, eləcə də müharibəni genişləndirməsinə səbəb olacaq və onu bütün Avropaya yaymaq prosesinə başlaya bilər. Çünki Putin Baydenin məsələ ilə bağlı qərarından sonra Ukraynanın bu silahlardan istifadə edəcəyi təqdirdə üçüncü dünya müharibəsinə başlaya biləcəyini və Rusiyanın heç bir “fait accompli”yə səssiz qalmayacağını bəyan edib.
Buna baxmayaraq, hesab edilir ki, Ukrayna administrasiyası bu fürsətdən istifadə edərək, təxminən 300 kilometr mənzilli raketlərdən istifadə edərək Rusiyanın dərinliklərinə hücumlar təşkil etmək istəyə bilər.
“Rusiyanın danışıqlar yolu ilə işğal olunmuş ərazilərdən geri çəkilməyəcəyini yaxşı bilən Ukrayna Trampın prezidentliyə başlamazdan əvvəl hərəkətə keçməyə və yerlərdəki vəziyyəti öz xeyrinə çevirməyə çalışır”, - deyə o bildirib.
Oruç deyib: “Lakin həm Bayden administrasiyası, həm də Zelenski Rusiyanın cavabını diqqətlə hesablamalıdır. Eyni şəkildə, həm Putin, həm də digər Rusiya hərbi rəsmiləri əvvəlki açıqlamalarında Rusiyanın milli təhlükəsizliyi təhdid edilərsə, nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini bildirərək pandora qutusunu açıblar”.
Ukraynaya bu gün ATACMS sistemindən istifadəyə icazə verilməsi və Rusiyanın daxili ərazilərini vura biləcək ABŞ istehsalı olan raketlərdən istifadə imkanının ortaya qoyulması, deyildiyi kimi, Rusiyanın milli təhlükəsizliyini təhdid edən bir hərəkət olardı. Ona görə də Rusiyanın eyni cür cavab verməkdən başqa yolu qalmayacaq.
Nəticədə, Bayden administrasiyasının əvvəllər Ukraynaya göndərdiyi uzun mənzilli ATACMS raketlərindən istifadəyə icazə verməsi regionda müharibənin daha da genişlənməsinə, hətta müharibənin Avropaya sıçramasına və dünya müharibədinə səbəb ola biləcək bir inkişafdır.
Ona görə də bütün aktyorlar bu prosesdə məsuliyyətlə hərəkət etməlidirlər. Səlahiyyət müddəti çox yaxında başa çatacaq Baydenin bu cür kritik qərarlar qəbul etməsi nəinki etik baxımdan uyğun deyil, həm də növbəti prezidenti çətin vəziyyətdə qoyub getmə ehtimalına görə bunun gizli məqsədləri var. Nəhayət, hər bir prezidentin öz ölkəsinin maraqlarını nəzərə almaq şərti ilə öz siyasətini həyata keçirmək və ona uyğun qərarlar vermək azadlığı var.
“Bu kontekstdə Tramp Ukrayna-Rusiya müharibəsinin davam etməsini istəməyə bilər, daha da önəmlisi ABŞ-ın bu müharibəni maliyyələşdirməsini istəməyə bilər və bu, onun ən təbii haqqıdır. Bir sözlə, Baydenin bu qərarı yerdəki vəziyyəti dəyişməyəcək və bu, vaxtsız və yanlış seçimdir. Çünki bu, Rusiyanı nüvə silahından istifadəyə sövq edə bilər”, - ekspert deyib.