AZ

Ombudsmanın iştirakı ilə Naxçıvanda "Vətəndaşların seçki hüquqlarının təmini" mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Ombudsman Səbinə Əliyeva bildirib ki, seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və bu istiqamətdə tədbirlərin keçirildiyini bildirib.

“İlk dəfə bu seçkilər suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək. Bu, həm də qürurverici məqamdır. Azərbaycan ədaləti bərpa etdikdən sonra keçirilən bu seçki tarixə yazılacaq. Seçkidə prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər təşkil olunub. Eyni zamanda, seçki günü Ombudsman Aparatına daxil olam müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində, hərbi hissələrdə, pentensiar xidmətlərində müşahidələr də aparacaqlar”, - deyə Səbinə Əliyeva vurğulayıb.

Ombudsman əlilliyi olan insanların seçkilərdə iştirakı üçün seçki məntəqələrində pandusların quraşdırıldığını, sağlamlıq imkanları məhdud şəxslərin seçki hüququnun təmini məsələsinin zəruriliyini də diqqətə çatdırıb.

Növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər barədə danışan Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev nəzərə çatdırıb ki, MSK seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xüsusilə də, seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdıraraq H.Paşayev bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Mərkəzi Seçki Komissiyasının üzvü bildirib ki, seçkidə 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın beynəlxalq müşahidəçisi iştirak edəcək: "Həmçinin seçkini təxminən 62 beynəlxalq media qurumunun 120 xarici jurnalisti müşahidə edəcək. Bu seçkilərdə ümumilikdə 590 min nəfər ilk dəfə səs verəcək. Seçicilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb ki, bunun da 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1000 seçki məntəqəsində kamera quraşdırılıb".

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” barəsində danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib. A.Səfixanlı bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasında roluna toxunaraq, Ombudsman təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək bildirib ki, Müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyət öyrənilib, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edilib.

Tədbir müzakirələrlə davam edib.

11:24

Naxçıvanda “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda dəyirmi masa keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının əməkdaşları, dairə, məntəqə seçki komissiyalarının sədrləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə vətəndaşların seçki hüququnun təmini, növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur, müşahidəçilik institutunun əhəmiyyəti və ombudsmanın bu prosesdə rolundan danışılır.

 

Seçilən
228
50
azertag.az

10Mənbələr