AZ

Zelenskinin Ermənistana səfərini şərtləndirən məqamlar

İrəvanla Moskva arasındakı münasibətlərdə gərginliyin artması fonunda Ukrayna prezidenti Volodomir Zelenski gələn həftə Ermənistana səfər etməyi planlaşdırır.Diplomatik mənbənin erməni “РСЕ/РС” xidmətinə öürdüyü məlumata əsasən, Zelenskinin İrəvana səfəri, böyük ehtimalla, martın 4-də baş tutacaq. Ukrayna prezidentinin Ermənistandan Azərbaycana gələcəyi də bildirilir.

Lakin bu xəbəri təsdqiləməkdən və təkizb etməkdən boyun qaçıran Ermənistanın Xarici İşlər nazirliyi, yalnız “vaxtı çatanda” xarici liderlərin səfərləri barədə ictimaiyyəti məlumatlandıracağını bildirib.

Ukraynanın İrəvandakı müvəqqəti işlər vəkili Valeri Lobaç isə belə bir səfərin mümkün olması mövzusundan yayınsa da, çox müəmmalı açıqlama verib.

“Bahar fəsli Ermənistana müsbət hadisələr gətirəcək”, - Lobaç jurnalistlərə deyib.

Qeyd edək ki, Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı xəbərlər Nikol Paşinyanın Almaniya və Fransaya son səfərləri çərçivəsində Rusiyanın əleyhinə səsləndirdiyi iradların artırmasından sonra yayılıb. Xüsusilə də, Paşinyan ilk dəfə Rusiyanın Ukraynaya təcavüzünü pisləyərək, bunun 1991-ci ilin dekabrında yeni müstəqillik qazanmış sovet respublikalarının bir-birinin sovet dövründən qalma sərhədlərini tanıdığı bəyannamənin pozulması kimi qiymətləndirib.

Bundan sonra Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar Rusiya ilə müharibə başlayandan bəri Baltikyanı ölkələrin hüdudlarından kənar heç bir postsovet dövlətinə səfər etməyən Ukrayna prezidentinin İrəvana gəlməsi ilə bağlı əlavə mesajlar veriblər.

“Ukrayna prezidenti öz ölkəsinin seçilmiş lideridir və digər dövlət başçıları kimi, xüsusi maneələr olmasa, Ermənistana səfər edə bilər”, - deputat Babken Tunyan “Azadlıq Radiosu”nun erməni bürosuna deyib.

Zelenskinin İrəvana gözlənilən səfəri ilə bağlı rəsmi Moskva hələlik heç bir reaksiya verməsə də, Ermənistanın hökumətyönümlü deputatı Qaqik Melkonyan Rusiyanın buna necə yanaşacağının onları maraqlandırmadığını vurğulayıb.

Bununla belə, Paşinyanın Moskvaya dönüklüyündən sonra Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hazırda Rusiya və Ermənistanın Ukraynadakı müharibə ilə bağlı diametral şəkildə əks fikirlərə malik olduğunu bəyan edib. Uzun müddət ərzində müttəfiq olmuş ölkələr arasında münasibətlər son aylarda daha da pisləşib ki, nəticədə də Rusiyanın Xarici İşlər nazirliyi Paşinyanı onları “məhv etməkdə” günahlandırıb.

Erməni deputat Qaqik Melkonyanın Moskvanın mövqeyi ilə bağlı lovğa bəyanatına rəğmən, Ermənistanın Qərbə doğru meyllənməsinə və Volodomir Zelenskinin İrəvana mümkün səfəri xəbərinə laqeydliklə yanaşmayan Kreml, bu müstəvidə baş verən bütün hadisələri diqqətlə izləyir.

Məsələn, Rusiyanın Kremlə bağlı Xarici və Müdafiə siyasəti üzrə Şurasının böyük analitiki Dmitri Suslov “Sputnik” xəbər agentliyinə Zelenskinin Ermənistana səfərinin ikitərəfli əlaqələrin pozulmasında “geri dönüş nöqtəsi” ola biləcəyini deyib. Ekspert bildirib ki, bu, Qərbin Ermənistanı ABŞ və Avropa İttifaqına yönəltmək səylərinin bir hissəsi olacaq.
Ermənistandakı müxalifət liderləri isə ölkənin ənənəvi xarici siyasətində genişmiqyaslı dəyişikliklərdən ciddi narahat olduqlarını açıqlayaraq, Qərb dövlətləri tərəfindən təhlükəsizlik zəmanəti və ya hərbi yardım təklif olunmadığı halda bunu ehtiyatsızlıq kimi qiymətləndiriblər.

Səfərin pərdəarxası təşəbbüskarı

Ermənistan parlamentinin hakim partiyasından olan deputat Babken Tunyannın Volodomir Zelenskinin bir prezident kimi müstəqil şəkildə istədiyi ölkəyə səfər etmək hüququnu qabartması əslində gözdən pərdə asmaq cəhdindən başqa bir şey deyil. Doğrudur, Zelenski Ukrayna prezidenti kimi rəsmi dəvət qarşılığında istənilən ölkəyə getməkdə sərbəstdir. Lakin, çox təəssüflər olsun ki, hazırda sözün əsl mənasında Qərbin vassalına çevrilmiş Ukraynanın xarici siyasət kursu Kiyevdə yox, Qərbdə, ən əsası isə okeanın o tayında müəyyənləşdirilir. Elə Zelenskinin Ermənistana səfərinin əsas ssenari müəllifi də Fransa prezidenti Emmanuil Makrondur.

Ukrayna müharibəsi məsələsində Ermənistanın Rusiyanın yanında olmadığını məhz Fransada bəyan etməsindən sonra Makron Kiyev-İrəvan tandemini yaratmaq sevdasına düşüb. Bu müstəvidə Makron bir gülləyə iki dovşan vurmağa çalışır.

Birincisi, Parisdə Paşinyana “Ukrayna məsələsində Ermənistan Rusiyanın yanında deyil” ifadəsini dedirtməklə indiyədək Moskvanın strateji müttəfiqi sayılan İrəvanı Kiyevin tərəfinə keçirdiyini Zelenskiyə nümayiş etdirir. Sözsüz ki, bu gedişlə Makron Ukraynanın təəssübkeşki kimi Zelenskinin gözündə növbəti xal qazanır. Bu Avropa liderlərinin Parisdə keçirilən görüşdən sonra Makronun Kiyevə dəstək üçün yeni addımlar atacağı və Ukraynaya Qərbin quru qüvvələrinin göndərilməsinin mümkünlüyü barədə verdiyi açıqlama ilə sinxronluq təşkil edir. Yeri gəlmişkən, bir neçə Avropa ölkəsi Makronun bu bəyanatına neqativ reaksiya sərgiləsə də, hətta bunun özü də ona siyasi dividend gətirir.


Bundan başqa, fevralın 16-da Fransa və Ukrayna prezidentləri iki ölkə arasında 10 il müddətinə təhlükəsizlik sahəsində zəmanətlər və əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu sazişin bir hissəsi kimi Fransa “əməkdaşlığın bütün aspektlərini” əhatə edəcək əlavə 3 milyard avroluq hərbi yardım verməyi planlaşdırır. Bura müdafiə sənayesi, hərbi təlim, kəşfiyyat və mülki yardım sahələrində əməkdaşlıq daxildir.

Beləliklə də, Makron Avropada Ukraynanın ən böyük təəssübkeşi imicini qazanır və bunun əvəzi kimi Zelenskini Ermənistana səfər etməyə razı salır.

İkincisi, Cənubi Qafqazda təhlükəsizliyin təminatına təhdid yaradan İrəvanla Kiyevi yaxınlaşdırmağa çalışan Emmanuil Makron, Ukraynanı GUAM çərçivəsində müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qoymaq məqsədi güdür. Bəzi ekspertlərin fikrincə, Zelenskinin Ermənistana səfərində məqsəd burada hərbi texnika və komponentlərin istehsalının təşkilinin mümkünlüyü barədə məlumat toplamaqdır. Çünki hazırda Ukrayna prezidentinin gündəliyinin əsas hissəsi silahların axtarışı və onların istehsalında əməkdaşlıq variantlarıdır.

Belə olan tərzdə, bir neçə gün əvvəl Fransanın Müdafiə naziri Sebastyan Lekornyunun ölkənin hərbi-sənaye kompleksini təmsil edən MBDA, Nexter, Safran, Thales, Arquus kimi şirkətlərinin nümayəndələri ilə Ermənistana səfəri diqqətdən kənarda qala bilməz.












Fransa İrəvana qısa, orta və uzun mənzilli raketlər verəcək


Həm Fransanın İrəvanı silahlandırması, həm də bu şirkətlərin Ermənistanda istehsal potensialından isrifadə edilə bilməsi perspektivi Cənubi Qafqazın, o cümlədən Azərbaycanın təhlükəsizliyinin təminatı üçün ciddi təhdid yaradır. Bu baxımdan, Ukraynanın açıq-aşkar anti-Azərbaycan mövqeyi sərgiləyən rəsmi Parisin destruktiv siyasətinin yedəyində gedərək Ermənistanla yaxınlaşması və onunla hərbi-texniki sahədə mümkün əməkdaşlığı GUAM çərçivəsində nəzərdə tutulan müttəfiqlik anlayışının əleyhinə işləyir.

Böyük ehtimalla, Ermənistandan sonra Zelenskinin Azərbaycana gəlməsini planlaşdıran dairələrin ssenarisinə görə, Ukrayna prezidenti rəsmi Bakını İrəvana səfərinin Azərbaycanın maraqlarının əleyhinə olmadığına inandırmalıdır.
Amma Azərbaycanın prinsipial mövqeyini Paşinyanın Ukrayna-Rusiya müharibəsi ilə bağlı əslində heç bir əhəmiyyət kəsb etməyən və boğazdan yuxarı deyilən ifadəsi ilə bir tərəziyə qoymaq rəsmi Kiyevə yaxşı heç nə vəd etmir. Elə Ukrayna hökumətinin təkidi ilə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Ermənistan tərəfindən pozulması Paşinyanın bəyanatının nə dərəcədə “səmimi” olduğunu təsdiq edir. Vaxtı çatanda həmin bəyanatın Moskva ilə əlverişli sövdələşmə məqsədi ilə səsləndirildiyi aydınlaşacaq.
Bu baxımdan, istənilən gəlişi gözəl söz dərhal onu deyənin evinə “qonaq” getmək üçün yetrəli deyil. Ən azı həmin sözü deyənin kim olduğu və indiyədək özünü necə apardığı düzgün qiymətləndirilməlidir. Xüsusən də, indiyədək ona havadarlıq edənlərə necə “minnətdarlıq” etməsinə diqqət yetirilməlidir.

Sahil İsgəndərov, politoloq
AzVision.az

Seçilən
498
azvision.az

1Mənbələr