Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən "AYNA" informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:
- taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;
- taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);
- taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;
- taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);
- daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;
- taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;
- taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;
- taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin
daşımır və sifariş qəbul etmir);
- taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
- taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.
BiG.Az