Oktyabrın 25-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Səxavət Məmmədovun 70 illiyinə həsr olunmuş konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə “Qarabağ” ansamblının ifasında Səxavət Məmmədovun repertuarından mahnı və təsniflər ifa olunacaq. Ansamblın bədii rəhbəri Əməkdar artisti Firuz Səxavət, konsertmeysteri Əməkdar artisti Əliağa Sədiyevdir (tar).
Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olub. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təbliğ edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət Məmmədov bu kollektivlə təkcə Qarabağı deyil, keçmiş SSRİ-ni, eləcə də Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.
Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına dünyasını dəyişib.
Onun səsi “Segah"a yatımlı olduğundan ruhu da "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta