Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən "Buğda ununa dair sanitariya norma və qaydaları" və "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.
AQTA-dan bildirilib ki, qaydalarda buğda ununa və çörək məhsullarına dair təhlükəsizlik və minimum keyfiyyət tələbləri öz əksini tapıb.
"Buğda ununa dair sanitariya norma və qaydaları"nda maksimum nəmlik, kül miqdarı, minimum zülal miqdarı, düşmə ədədi kimi göstəricilər üzrə tələblər yer alıb. "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nda isə buğda çörəyi və çörəyin xüsusi növləri (çovdar çörəyi, qarğıdalı çörəyi, yulaflı çörək və s.) təsbit edilib.
Bununla yanaşı, bu qaydalarda çörək məhsullarında duzun maksimum miqdarı da tənzimlənib. Belə ki, buğda çörəyi və çörəyin xüsusi növlərində duzun maksimum miqdarı quru maddəyə əsasən ən çoxu 1,5% həddində müəyyənləşdirilib.
Adıçəkilən hər iki Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, AQTA-nın bu qərarı gecikmiş olsada zəruridir:
“Gərək AQTA yaranan ilk gündən bu qərarı tətbiq edərdi. Çünki Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Hökumətin və dövlətin insanların sağlamlığı üçün verilmiş bir çox qanunları var. Təəssüfki o qanunların yerinə yetirilməsində problemlər yaranır. Düşünürəm ki, AQTA-nın bu işinə cəmiyyətdə dəstək verməli və həmin qaydalarla hər kəs tanış olmalıdır. İstehlakçıların hər biri bu işə nəzarət etməlidir. İnanıram ki, bu qaydalar çörəyin qiymətinə təsir göstərməyəcək. Bu qaydalara riayət etmək həmin məhsulu istehsal edənlərin borcudur.”