AZ

Bakıda keçirilən forumda Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif sahələr üzrə 30-a yaxın yüksəkvəzifəli rəsmiləri iştirak edir

Bakı, 11 iyun, AZƏRTAC

Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində təşkil olunan forumda bu ölkənin müxtəlif sahələr üzrə 30-a yaxın, o cümlədən ölkəmizin yüksəkvəzifəli rəsmiləri iştirak edirlər.

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar və texnologiyaların təşviqi, qlobal cəmiyyət üçün sağlamlıq sistemlərinin inkişafı, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətlərin müəyyənləşdirilməsidir. Həmçinin təhsil və sosial rifah sahəsində qazanılmış yeni nailiyyətlərin, habelə ölkəmizin COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzularla bağlı ən son tendensiyaların müzakirəsi əsas hədəflərdir.

Tədbirdən əvvəl Azərbaycan-BƏƏ əməkdaşlığını əks etdirən videoçarx nümayiş etdirilib.

Ardınca Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Al Rumi açılış nitqi ilə çıxış ediblər.

Sonra Azərbaycan və BƏƏ hökumətinin müxtəlif sahələr üzrə dövlət rəsmilərinin çıxışları və təqdimatları olub tutub. Bu çərçivədə hər iki ölkənin müvafiq sahələr üzrə əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.

Forumun ikinci günündə qeyd olunan mövzular üzrə müzakirələrin davamı əsasında paralel sessiyaların təşkili nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci il noyabrın 28-də “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, “ASAN xidmət” təcrübəsinin Birləşmiş Ərəb Əmirlikləri ilə paylaşılması, dövlət xidmətləri, müvafiq sahə üzrə potensialın artırılması, xidmətdə mükəmməllik, könüllülük təcrübəsi sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də BƏƏ-nin Kabinet İşləri Nazirliyi tərəfindən idarə olunan “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycan tərəfi ilə paylaşılması nəzərdə tutulur.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
azertag.az

6Mənbələr