Jurnalistlər arasında müsabiqə elan olunub.
Tehsil.biz xəbər verir ki, təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun yaradılmasının üçüncü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında yazı müsabiqəsi elan edilir.
Müsabiqə iştirakçıları qızların təhsili ilə bağlı mövcud duruma, imkanlara, göstərilən dəstəyə, yeni istiqamətlərə, təkliflərə və yanaşma yollarına diqqət yetirməlidirlər. Müsabiqə üzrə 3 (üç) qalib müəyyənləşəcək: I yer – Planşet Lenovo Tab M10; II yer – Planşet Lenovo Tab M9; III yer – Smartfon Motorolla G14.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Yazılarda “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır. Yazı materialının müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Müsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti; şəxsin şəxsiyyət vəsiqəsinin surəti; şəxsin əlaqə vasitələri – ev, iş telefonu və mobil telefonu; müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir); diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla) yer almalıdır. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimat göndərişində müsabiqə yazısı (“Word” faylında, imzasız); müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında); yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr; yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında); yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) yer almalıdır.
Müsabiqə üçün materiallar 5 iyul tarixinədək saat 17.00-dək qəbul ediləcək.
Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək. Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.