AZ

Erməni “utopik sosialisti”: Paşinyan xəyallarının əsirinə çevrilib - ŞƏRH + FOTO

Vədə xilaf çıxmaq, imza etdiyi sənədlərə hörmətsizlik - Ermənistanın mahiyyəti bu prinsiplər üzərində qurulub. 44 günlük müharibədən sonra imzaladığı Üçtərəfli Bəyanatın şərtlərini qulaqardına vurmaq bu mahiyyəti bir daha ortaya qoydu. Həmin sənədin şərtlərindən biri də Qarabağda silahlı birləşmələrin fəaliyyətinə son qoyulması, kommunikasiyaların açılması və s. idi.

Lakin baş nazir Nikol Paşinyanın hökuməti nəinki bu bəndləri yerinə yetirdi, əksinə, silahlı quldur dəstələrinin silahlandırılmasını davam etdirdi, Azərbaycanla sərhəd bölgələrdə təxribatlar törətdi. Təslimçilik aktına imza atsa da, münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı olmadığını ortaya qoydu. Üç il davam edən bu riyakarlığa da son qoyulmalı idi və qoyuldu da. Azərbaycan öz ərazisində təxribatlara cavab olaraq bu ilin sentyabrın ortalarında bəyan etdi ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcək. Ermənistana sərt xəbərdarlıq edərək, qanunsuz silahlı dəstələrinin Azərbaycanın ərazisindən çıxarılmasını tələb etsə də, tələb yerinə yetirilmədi. Nəticədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-20-də Ermənistan silahlı birləşmələrinin bölmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi məqsədilə keçirilən lokal antiterror tədbirləri uğurla başa çatdı, bölgədə qüvvələr nisbəti dəyişdi, yeni reallıqlar və vəziyyət yarandı.

Son əməliyyatla postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşən Azərbaycan bölgədə yeni reallıq yaratdı. Artıq Ermənistan da bu reallığı dərk etməyə başlayır. Yeni-yeni təşəbbüslər, layihələrdən dəm vurmağa çalışır. Xəyallarının əsiri olan Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumunda sülh təşəbbüsü, regional layihələrdən dəm vurmağa başlayıb. Forumda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib. Paşinyan forumdakı çıxışında “Sülh qovşağı” təklifini də irəli sürüb. Təklifin mahiyyəti bölgə ölkələri arasında kommunikasiya yollarının açılmasıdır.

Paşinyan, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir. Lakin baş nazir fikirlərində səmimidirmi? Üç illik müddətdə fəaliyyəti bunun əksini deyir. Daha çox poplulizm, daxili auditoriyaya yönəlik siyasəti ilə seçilən Nikol Paşinyan son üç ildə bu ənənəsinə sadiq qaldı. Onun Tbilisidə “sülh kəsişməsi” adı altında təqdim etdiyi layihəni də bu qəbildən hesab etmək olar. Paşinyanın irəli sürdüyü bu layihə artıq indidən utopik xarakter daşıyan təşəbbüs kimi qiymətləndirilib. Çünki indiyədək Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir addım atmayıb - Naxçıvan blokadada saxlanılıb, 44 günlük müharibədən sonra üzərinə götürdüyü Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən də boyun qaçırıb. İndi birdən-birə bu layihəni hamını qəbul edəcəyini hansı haqla gözləyir?

Birincisi, Paşinyanın irəli sürdüyü layihə yüz kilometrlərlə yolların, dəmiryolunun və s. çəkilməsini tələb edir. Bu vəsaiti kimin ayıracağı isə bəlli deyil.

İkincisi, Ermənistan indiyədək ən qısa yolun çəkilişini də həll edə bilməyib - uzun illərdir İrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur.

Üçüncüsü, regionun dağlıq relyefi bu tip layihələrin dəyərini daha da artırır.

Dördüncüsü, indiyədək nəinki qlobal, heç regional layihə də həyata keçirməmiş Ermənistanın indi qəfildən ümumi hesablamalar aparmadan, maliyyə mənbələri müəyyən edilmədən belə layihə irəli sürməsi utopiyadan başqa bir şey deyil. Ermənistan müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib - sərhədləri və təhlükəsizliyini başqa bir ölkə qoruyur, uzun illər silah-sursat pulsuz alınır, maliyyə axını xaricdəki diaspor xətti ilə təmin olunur, ən xırda layihə də dövlət yox, ayrı-ayrı diaspor üzvləri hesabına reallaşır və s. Amma bu cür qlobal layihəni reallaşdırmaq Paşinyana sözdə asan gəlsə də, real deyil.

Sözsüz ki, Nikol Paşinyanın yeni təşəbbüsü öz beyninin məhsulu deyil. Qərbdən gələn təşəbbüsdür. Hədə də Rusiyanı bölgədən sıxışdırıb çıxartmağa yönəlib. Onun səsləndirdiyi təşəbbüsləri Azərbaycan üç ildir ki, irəli sürsə də, Ermənistan hakimiyyəti bir dəfə də olsun ona reaksiya verməyib. Paşinyan hakimiyyəti anlamalıdır ki, regionda sülh və əmin-amanlıq sülh sazişindən keçir. Özündə cəsarət tapıb Azərbaycanla heç bir şərt irəli sürmədən sülh sazişi imzalamalıdır.

“Report” İnformasiya Agentliyi

Seçilən
528
50
oxu.az

10Mənbələr