“Qərb hələ ki, Ermənistanı dəstəkləyir, çünki hakim elita Qərbyönümlüdür. Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, necə ki, “Xarici agentlər haqda qanun”un qəbulundan sonra Gürcüstanın Avrointeqrasiya prosesinə stop qoyuldu, eləcə də Qərbin Ermənistanı indiki səviyyədə dəstəkləməsi azalacaq. Lakin sual yaranır ki, bu, bizə sərf edirmi? Xeyr, çünki Ermənistanda hakimiyyət dəyişikliyi yenə Köçəryanların, Sarkisyanların, Srbazanın ardıcıllarının rəhbərliyə gəlməsi və avtomatik olaraq xarici siyasi kursun dəyişməsi, Azərbaycana qarşı düşmənçilik və revanş siyasətinin bərpası, hərbi təxribatların aktivləşməsi, anti-sülh propoqandanın aktivləşməsi, mediada sülh dilinin tamamilə məhvi demək olacaq. Halbuki biz hazırda Paşinyanın dilindən sülh mesajlarını, Azərbaycan lehinə fikirləri, mövqemizə müəyyən mənada dəstək olduğunu görürük”.
Moderator.az bildirir ki, bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə deyib. O xatırladıb ki, Paşinyan bu yaxınlarda Parlamentdə hökumət dinləmələrində Konstitusiya dəyişikliyinin vacibliyini əsaslandırıb: “Təbii olaraq, bu, Ermənistan daxilində tam olaraq qəbul edilmir, buna qarşı çıxanlar, bu fikirlərlə razılaşmayanlar var. Məsələn, Konstitusiya dəyişikliyi məsələsini Paşinyan ilk dəfə Ermənistanın İctimai radiosunun efirində bu ilin fevral ayında dilə gətirərkən, radionun rəhbəri xalqdan bu səslənən fikirlərə görə hətta üzr istəyib, bunu “erməni milli kimliyinin məhv edilməsi” adlandırıb və soyqırıma bərabər hadisə olaraq dəyərləndirib. Aydındır ki, anti-Paşinyan qüvvələr bu mövqeyi ermənilər arasında qorumağa çalışırlar. Təsadüfi deyil ki, Ermənistanda sorğu nəticələri də xalq arasında bu məsələyə münasibətin kəskin olduğunu göstərir. “Gallup”un may ayında keçirdiyi sorğusunda suallardan biri bu idi ki, Paşinyanı dəstəkləyirsinizmi? Sorğu nəticələrinə görə, respondentlərin 9,1% tamamilə müsbət, 18,7% əsasən müsbət qiymətləndirərkən, 18,6%-i əsasən pis, 41,1%-i tamamilə pis qiymətləndirib, 12,5% bu suala cavab verməyə çətinlik çəkib. Bu, xüsusilə Paşinyanın Azərbaycan qarşısında siyasi güzəştləri, kapitulyant mövqe ilə razılaşması ilə əlaqədardır”.
Ş.Cəlizadənin fikrincə, xalq keçmiş hakimiyyətdən çox yorulub: “Xalq bezdiyi üçün keçmiş hakimiyyətin geri qayıtmasını heç cür qəbul edə bilmir. Odur ki, Paşinyanın siyasi hakimiyyətini qoruyacağını düşünə bilərik. Məsələn, ən son “Gallup” sorğusunda əhalinin daha çox hissəsi yenidən seçki keçirilərsə hakim Mülki Müqavilə Partiyasını seçəcəyini bəyan edib. Beləliklə biz Paşinyanla sülh müqaviləsi istiqamətində irəliləməliyik. Lakin sülhə dair şərtlərimizdə israrlı olmalıyıq. Xüsusilə Ermənistanda konstitusiyanın dəyişdirilməsi məsələsində israrımızdan dönməməli, məsələ həll olunanadək davam etməliyik.
Çünki Ermənistan konstitusiyasının 1-ci maddəsində əks olunan “Azadlıq haqqında Bəyannamə”nin preambulasında və 11-ci maddəsində Azərbaycana və Türkiyəyə ərazi iddiaları yer alır. Belə ki, Bəyannamənin preambula hissəsində 1 dekabr 1989-cu ildə qəbul edilən “Ermənistan SSR ilə Dağlıq Qarabağ Milli Şurasının birləşməsi haqqında” Ermənistan SSR Ali Şurasının qərarına istinad yer alır. Bu isə, müasir Ermənistanın Azərbaycana ərazi iddiası anlamına gəlir və imzalanacaq sülh müqaviləsinin gələcəyini, davamlı sülhü təhdid edir. Bəyannamənin 11-ci maddəsində isə Qərbi Ermənistan termini yer alır və beləliklə Türkiyəyə tarixi-siyasi ərazi iddiasının gələcək nəsillərə ötürülməsi üçün hüquqi bazis yaradılır. Odur ki, Ermənistanın haqqında bəhsolunan bu sənədlərdə (Bəyannamədə və Konstitusiyada) yer alan müvafiq qeydləri və maddələri ləğv etməsi mütləq olaraq tələb olunmalıdır. Ermənistan ictimai rəyinin yönləndirilməsi üçün tərəfimizdən mümkün təbliğat vasitələrindən istifadə olunmalı, sülhün hər iki tərəf üçün faydaları ictimailəşdirilməlidir. “Gallup”ın özünü isə bir siyasi alət, ictimai rəyin yönləndirilməsi aləti olaraq da qiymətləndirə bilərik”.