AZ

Bakının daha 12 ərazisində enerji doldurma məntəqələri quraşdırılıb

Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Bakı şəhərində keçiriləcək COP29 ərəfəsində “Azərişıq” ASC tərəfindən paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.

"Operativ Media" qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Bakıda daha 12 ərazidə, Nərimanov rayonunda Atatürk parkı, Gənclik metrostansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq “Sea Breeze” yarımstansiyasında və “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerji doldurma məntəqələri quraşdırılıb, hazırda son tamamlanma işləri həyata keçirilir.

Xatırladaq ki, Bakıda 4 məntəqədə – “İçərişəhər”, “Yasamal 120” yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiyalar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində enerji doldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Paytaxtla yanaşı regionlarda – Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələr quraşdırılıb.

Elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular yaşıl enerji ilə dəstəkləndiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həmçinin “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə doldurulur.

Qeyd edək ki, cari il üçün ölkə ərazisində 147 nöqtədə enerji doldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
38
operativmedia.az

10Mənbələr