AZ

Cəmiyyətdə aqressiya niyə artır? – “İllər öncə xəbərdar etmişdim, mənə məhəl qoymadılar”

Son dövrlər cəmiyyətdə neqativ hadisələrin artmasını müşahidə edirik. Kimi yoldaşını pəncərədən ataraq canına qəsd edir, kimi əsəbinə hakim ola bilməyib oğlunu qətlə yetirir, kimi isə həyatına son verərək intihar edir.

Ötən gün isə Xalq artisti Ağadadaş Ağayevin əsəblərini cilovlaya bilməyərək özəl klinikanın mühafizəçisinə balta tullaması gündəm olub.

Bu tip aqressiv davranışların artmasının səbəbi nədir? Bu hadisələrin baş verməsinin qarşısını necə almaq olar?

Sosioloq Əhməd Qəşəmoğlu KONKRET.az-a açıqlamasında deyib ki, sosial mühitdə baş verənləri nəzarətsiz buraxmaq olmaz:

Əhməd

“Ölkədə belə vəziyyətin yaranmasını ürəyimi ağrıdır. Mən illər öncə bununla bağlı xəbərdarlıq edirdim. Milli Məclisin Humanitar Proqnozlaşdırma Mərkəzinin rəhbəri olduğum zamanda da xəbərdarlıqlar etmişəm, lakin bir məsul şəxslər bu xəbərdarlıqlarıma məhəl qoymurdu. Neqativ olayların sayındakı artım humanitar sahənin problemlərinə, sosial məsələlərlə bağlı qanunvericilik bazasına və digər vacib məqamlara lazımi diqqətin yetirilməməsilə bağlıdır”.

Sosioloqun sözlərinə görə, cəmiyyətdə baş verən aqressiyanın qarşısını almaq məqsədilə məhəllələrdə sosial işçi qrupları yaratmaq lazımdır:

“Cəmiyyət artıq həssaslaşıb. Bütün bu proseslərə elmin köməyi ilə müdaxilə etmək lazımdır. Biz isə bunu etmirik. Bu sahədə çox böyük boşluğumuz var. Biz ilk olaraq çalışmalıyıq ki, sahələr üzrə polis işçiləri olduğu kimi, məhəllələr üzrə də sosial işçi qrupları olsun. Bu qrupların çox böyük olmasına ehtiyac yoxdur. İnsanlar doğuluşdan aqressiv olmur. Onların davranışına təsir edən kənar amillər var. Sosial işçi qrupları həmin prosesləri elmi şəkildə öyrənən mərkəzlərə çevrilməlidirlər. Lakin buna biz heç bir əhəmiyyət vermir, əvəzində lazımsız işlər görürük. Bu qrupun işçiləri universitetlərdə necə gəldi hazırlanmamalıdır. Üniversitetlərə xüsusi sifariş verilməlidir”.

Psixoloq Zeynəb Əyyubova hesab edir ki, aqressiyanın əsas səbəbləri stress, gərginlik, psixoloji problemlər, sosial və ətraf mühit faktorları və digər amillərdir:

Psixoloq:

“İnsanların gündəlik həyatında yaranan yorğunluq, stress və depressiya aqressiv davranışlara səbəb olur. Həmçinin ailə münaqişləri, maliyyə çətinlikləri də aqressiyanı artıran amillərdəndir. Beyinin kimyəvi maddələr balansının pozulmasınə və hormonal dəyişiklikləri də bu kateqoriyaya aid etmək olar”.

Psixoloqun sözlərinə görə, medianın aqressiv hadisələri işıqlandırması həm uşaqlar, həm də gənclər üzərində ciddi təsir göstərə bilər:

“Bu cür xəbərlər onların psixikasına mənfi təsir göstərir. Uşaqlar və gənclər bu cür davranışları normal qəbul edə bilərlər, bu da onların davranışlarında dəyişikliklərə səbəb ola bilər. Odur ki, medianın aqressiv hadisələri işıqlandırarkən məsuliyyətli olması və hadisələrin müsbət tərəflərini vurğulaması vacibdir. Həmçinin aqressiv davranışları azaldan psixoloji dəstək proqramları və məsləhət xidmətləri təklif etmək lazımdır. Eyni zamanda, uşaqlara və gənclərə aqressiyanın zərərləri barədə təhsil vermək və müsbət davranışları təşviq etmək çox önəmlidir. İnsanlara stres və gərginliklə necə mübarizə aparmağı öyrədən təlimlər keçirməyə də ehtiyac var”.

Aygün Mirakif

KONKRET.az

Seçilən
109
konkret.az

1Mənbələr