Noyabrın 6-da Milli Məclisin sədr müavini Adil Əliyevin sədrliyi ilə keçirilən Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Birgə iclası Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev açaraq qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibəti ilə iclas iştirakçılarını təbrik edib.
Vitse-spiker bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərində əldə etdiyi Zəfərin üçüncü ildönümü ərəfəsində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları ilə dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin edilib. O, qeyd edib ki, bu əlamətdar hadisələr iclasın mövzusu ilə birbaşa əlaqədardır. Vitse-spiker bildirib ki, müzakirəyə təqdim olunmuş 2024-cü ilin dövlət büdcəsində tarixi qələbəmizin qazanılması üçün böyük şücaətlər göstərmiş Ordumuzun və hərbi qulluqçularımızın təminatı məsələlərinə böyük diqqətin ayrılması xüsusi əhəmiyyət daşıyır.
Gələn ilin büdcə layihəsində iki əsas məsələnin də öz aktuallığını qoruduğunu vurğulayan Adil Əliyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsi və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması tədbirləri ilə bağlı fikirlərini bölüşüb.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsində iqtisadi inkişafla bağlı prioritetlər diqqətə alınmaqla, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışının həyata keçirilməsi, şanlı ordumuzun və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, dövlətimizin əsas funksiyalarının maliyyələşdirilməsi, əhalinin sosial müdafiəsi və digər tədbirlərin davam etdirilməsi kimi məsələlər prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub.
Nazir diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsinin 36 milyard 763 milyon manat təşkil edən xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün ayrılıb. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 6 faiz və yaxud 366 milyon manat çoxdur.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci dövlət proqramının icrası üçün 4 milyard manat, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.
Samir Şərifov bildirib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin müvafiq göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ildə 4 milyard 542 milyon vəsait nəzərdə tutulub, bu da cari illə müqayisədə 226 milyon manat və yaxud 5,2 faiz çoxdur.
2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsindən 1 milyard 392 milyon manat vəsaitin ayrılacağını deyən maliyyə naziri, eyni zamanda keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün 355 milyon manat vəsaitin nəzərdə tutulduğunu bildirib, habelə əhalinin həssas təbəqələri üçün ayrılan digər vəsaitlərini diqqətə çatdırıb.
2024-cü ildə dövlət büdcəsindən bədən tərbiyəsi və gənclər siyasətinin həyata keçirilməsi üçün 71 milyon manat, kənd təsərrüfatı üçün 1 milyard 110 milyon manat, ətraf mühitin və təbiətin mühafizəsi üçün 377 milyon manat, mənzil və kommunal xərclər üçün 365 milyon manat ayrılacağını söyləyən nazir, bu vəsaitlərin strukturu haqqında məlumat verib.
Gələn il dövlət büdcəsinin yerli gəlirlərinin 773 milyon manat olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən onun balanslaşdırılması üçün 9 milyon manat ayrılacağını deyən Samir Şərifov, bələdiyyələr üçün layihədə 12,5 milyon manat (cari illə müqayisədə 9,7 faiz artım) vəsaitin nəzərdə tutulduğunu bildirib.
Samir Şərifov 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı diqqətə çatdırıb ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.
O, qeyd edib ki, icmal büdcədə Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə gəlirləri və xərcləri bərabər olmaqla, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.
Maliyyə naziri Samir Şərifov çıxışının sonunda 2024-cü il üçün dövlət büdcəsinin parametrlərinin ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, Böyük qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər prioritet hədəfləri üçün maliyyə təminatı yaradacağını söyləyib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsinin büdcə qaydasına uyğunluğundan danışıb, 2024-cü ilin dövlət büdcəsi layihəsinin və bu layihə ilə birlikdə təqdim olunan sənədlərin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlandığını deyib. Palata sədri bu sənədlərdə tətbiq edilən yeniliklərdən, büdcə sənədləşməsinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan bəhs edib. O, bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Vüqar Gülməmmədov Palatanın 2024-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini, büdcə parametrləri üzrə qeydlərini və bəzi maddələr üzrə dəqiqləşdirmə xarakterli təkliflərini təqdim edib.
Sonra iclasda 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisin komitə sədrləri öz fikirlərini açıqlayıblar.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, dünyada baş verən kataklizmlərə, qlobal iqtisadiyyatdakı böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişafı edir, ölkədəki sosial məsələlərin həllinə, yeni iş yerlərinin açılmasına, abadlıq-quruculuq işlərinə xüsusi diqqət göstərilir. Siyavuş Novruzov 2024-cü ilin dövlət büdcəsi layihəsində regionların büdcədən asılılığının ciddi şəkildə azalmasını yüksək qiymətləndirib, yerlərdə yığılan vəsaitlərin artıq qalan hissələrinin müəyyən faizinin yerli büdcələrdə saxlanılması, müharibə veteranlarının sosial təminatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov növbəti ilin dövlət büdcəsində sosial sahəyə, xüsusən işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işlərinə xüsusi diqqətin ayrılmasından təqdirlə bəhs edib. Komitə sədri büdcədə ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması kimi sahələrə ayrılan vəsaitlərlə bağlı fikirlərini bölüşüb, tullantıların idarə olunması, təmiz şəhər modelinin regionlarda da həyata keçirilməsi, qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, su çatışmazlığı probleminin həlli, yaşıl enerji konsepsiyasının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı qeydlərini səsləndirib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2024-cü ilin dövlət büdcəsi post-münaqişə dövrünün tələblərinə və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir. Komitə sədri gələn ilin büdcəsinin sosialyönümlüyünə diqqət çəkərək, büdcənin 43 faizinə çatan həmin vəsaitlərin müstəqillik dövrümüzdə bu istiqamətdə ən böyük həcmli vəsait olduğunu vurğulayıb. Musa Quliyev büdcədə sosialyönümlü xərclərin öz prioritetliyini qoruyub saxlamasını Azərbaycan vətəndaşlarının sosial rifahının daim diqqətdə saxlanılmasının göstəricisi kimi xarakterizə edərək, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlərlə bağlı qeydlərini diqqətə çatdırıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev növbəti ilin dövlət büdcəsinin bugünün reallıqlarını özündə əks etdirdiyini, düşünülmüş proqnozlara əsaslandığını bildirib. Komitə sədri sosial siyasət, müdafiə və təhlükəsizlik, Böyük Qayıdış Dövlət Proqramı istiqamətləri üzrə xərclərin artırılmasını yüksək dəyərləndirib. O, büdcə layihəsində 1 milyard 110 milyon manatlıq vəsaitin kənd təsərrüfatına ayrılmasını təqdir edib, təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu ziyan nəticəsində zərər çəkənlərə yardımların artırılması ilə bağlı fikrini bildirib.
Sonra 2024-cü ilin dövlət büdcəsinin layihəsi ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, Gənclər və idman komitəsi sədrinin müavini Şahin İsmayılov, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Ramil Həsən, Rauf Əliyev, Soltan Məmmədov, Naqif Həmzəyev, Vüqar İskəndərov, Sevinc Hüseynova, İltizam Yusifov büdcə layihəsi, onun parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri kimi məsələlərlə bağlı rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların suallarını cavablandırıb.
Müzakirələri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev yekunlaşdırıb və deputatlar “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, komitələrin üzvləri Mahir Abbaszadə, Səttar Möhbalıyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Cəbi Quliyev, Ülvi Quliyev, Könül Nurullayeva, Cavid Osmanov, Əziz Ələkbərov, Azər Badamov, Emin Hacıyev, Cavanşir Paşazadə, Kamran Bayramov, Məzahir Əfəndiyev, Malik Həsənov, Səbinə Xasayeva, Afət Həsənova, Əliabbas Salahzadə, Fatma Yıldırım, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva və digər rəsmi şəxslər iştirak ediblər.
Musavat.com