Xaricdə təhsilə dair Dövlət Proqramının müddəti uzadıldı – Say artırıldı
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişikliklər edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Dövlət Proqramının müddəti daha iki il uzadılıb, həmçinin xaricdə təhsil alacaq tələbələrin sayı artırılıb, bu sıraya doktorantura da əlavə edilib.
Belə ki, artıq hər il 400 nəfər yox, 500 nəfər Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək.
Qeyd edək ki, indiyə qədər Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edib. Dəyişikliyə əsasən, növbəti ildən başlayaraq xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi ali təhsilin bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini əhatə edəcək.