AZ

Türkiyəsiz NATO-nu gözləyən perspektiv – Ankaranı razı salmaq niyə vacibdir? – TƏHLİL

Son zamanlar Türkiyənin perspektivdə NATO-dan çıxacağı ilə bağlı davamlı iddialar irəli sürülür. Bu ehtimalları şərtləndirən başlıca amil kimi Türkiyənin blok üzrə bəzi müttəfiqləri, o cümlədən, ABŞ və Fransa ilə fərqli xarici siyasət kursuna malik olması göstərilir. NATO ölkələri radikal şəkildə Rusiya əleyhinə mövqe tutduğu halda, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə münasibətini eyni səviyyədə saxlayır.

İkincisi, Yaxın Şərqdə cərəyan edən proseslərdə də Türkiyə ilə NATO-dakı müttəfiqlərinin mövqeyi toqquşur. Vaşinqton İsraili birmənalı dəstəkləsə də, Ankara isə HƏMAS və Fələstinin tərəfindədir.

Üçüncüsü, tərəflər Cənubi Qafqazda da fərqli yanaşma ortaya qoyurlar. Türkiyə Azərbaycan və Ermənistan arasında sülh prosesini, regional əməkdaşlığı dəstəkləyir və prosesə töhfə verməyə hazır olduğunu bildirir. ABŞ isə bundan fərqli olaraq Ermənistanı silahlandırır və for-postuna çevirmək istədiyi bu dövlət vasitəsilə regionda gərginliyi artırmağa səy göstərir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, NATO-da təmsil olunan Türkiyə və Yunanıstan arasında uzun illərdir, siyasi gərginlik səngimək bilmir. Nəticədə bu ölkələr arasında gərginlik az qala, müharibə həddinə qədər yüksəlir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, belə bir şəraitdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin “Reuters” agentliyinə müsahibəsində NATO ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir. O bildirib ki, rəsmi Ankara NATO-nun daha da güclü olmasını istəyir: “Prioritetimiz önəmli müttəfiqimiz olan NATO-nu dəstəkləmək, ona töhfə verməkdir. Fokus nöqtəmiz Alyansın güclü, qətiyyətli olmasıdır”.

Şübhəsiz, Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Rəsmi Ankara alyansa hərbi-siyasi baxımdan ciddi dəstək verir. Amma yuxarıda vurğulandığı kimi, Türkiyənin xarici siyasət kursu bəzi müttəfiqlərindən xeyli dərəcədə fərqlənir. Bu, Türkiyənin müstəqil, başqa dövlətlərdən asılı olmayan xarici siyasət kursu seçməsinin qəti təzahürüdür.

Xatırlatmaq yerinə düşər ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı ən prinsipial məsələ məhz Türkiyənin qərarı idi. Türkiyə NATO qarşısında konkret şərtlər qoydu və yalnız qaneedici cavab addımlarının atılmasından sonra İsveçin bloka üzvlüyünə mane olmadı.

Bu gün dünyada çox ciddi qütbləşmə prosesi gedir. Ayrı-ayrı aktorlar öz tərəflərini seçirlər. O halda Y.Gülərin dediyi kimi, NATO-nun güclü olması, təbii, bütün üzv dövlətlərin marağına uyğundur. Bu, xarici təhdidlərə qarşı bütövlükdə NATO-nu və deməli, həm də blok üzvlərinin hər birini daha güclü, təhlükəsiz edə bilər.

Amma onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankara zaman-zaman NATO-dakı müttəfiqlərinin ünvanına sərt ritorika ilə tənqidi fikirlər səsləndirməkdən çəkinmir. Bu, beynəlxalq nizamın pozulması, terrorizmə qarşı mübarizə kontekstlərində özünü daha çox göstərir. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl açıq mətnlə bəyan etmişdi ki, NATO rəsmi Ankaranın gözləntilərini doğrultmur.

Əksər təhlilçilərin fikrincə, Türkiyənin Şimali Atlantika alyansında üzvlüyünü saxlaması həm bu dövlətin özünün, həm də NATO-nun xeyrinədir. Əslində, bu məsələdə NATO, ABŞ daha çox maraqlı olmalıdır. Çünki Türkiyə Rusiya ilə “dil tapmaq” imkanı olan yeganə NATO üzvüdür. Bu, blok üçün son dərəcə mühüm məqamdır. İkincisi, Türkiyə NATO-nun ciddi regional proseslərin getdiyi Cənubi Qafqazdakı təmsilçisidir. Üçüncüsü, Türkiyə ilə Çin, İran kimi Şərq ölkələri arasında normal əlaqələr də əslində, alyans üçün ciddi əhəmiyyət daşıyır. Əgər Türkiyə NATO-dan çıxsa, Şərq ittifaqı (xüsusilə, Rusiya, Çin, İran) NATO üçün daha ciddi təhlükəyə çevrilə bilər. Bu isə alyansa lazım deyil.

Odur ki, NATO Türkiyəni itirməməyə çalışmalıdır. Bunun üçün isə rəsmi Ankaranın təhlükəsizlik qayğılarının nəzərə alınması ilə yanaşı, həm də “damarına basılmaması” vacibdir.

Seçilən
55
26
nocomment.az

10Mənbələr