AZ

Azərbaycanla sərhəddə İran "hərbi təlim keçir"

İranın Azərbaycanla sərhəddə, Xəzərdə hərbi təlim keçirməsinə dair məlumatlar yayılıb.

İRNA xəbər verir ki, təlimlərin keçirildiyini İran Astarasının qubernatorunun siyasi və təhlükəsizlik üzrə müavini Seyid Həmid Musəvi açıqlayıb.

O, təlimlərdən qabaq İRNA-ya deyib ki, "bu gün axşam" hərbi qüvvələr Astaradakı hərbi donanma bazalarının birində təlim məşqləri edəcək və yerli əhali "partlayış səslərindən narahat olmasınlar".

Bu təlimlər Həmas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran və İsrail arasında müharibə ehtimalının artdığı bir vaxtda keçirilir.

Azərbaycanla bağlı iddialar

Rəsmi Bakının ölkə sərhədinin yaxınlığındakı bu hərbi təlimlərə reaksiyası hələ ki, yoxdur.

İranla Azərbaycan arasında bir müddətə qədər gərgin olan münasibətlərdə son vaxtlar sakitlik hiss olunsa da, xarici və yerli mediada İran və İsrail arasında mümkün eskalasiyaya Azərbaycanın da cəlb olunmasının ehtimalına dair iddialar səslənir.

Bir neçə gün öncə Britaniyanın The Telegraph qəzeti yazıb ki, İran Prezidenti Pezeşkian İsrailə birbaşa hücumun nəticələrinin ağır ola biləcəyini əsas gətirərək, İsrailin İranın qonşuluğundakı gizli hərbi bazalarına hücum etmək təklifini səsləndirib.

Belə qonşu ölkələr arasında adı hallananlardan biri Azərbaycan olsa da, rəsmi Bakı bundan əvvəl, öz ərazisində heç bir xarici dövlətin hərbi bazasının olmadığını bəyan edib.

The Telegraph qəzetinin məqaləsindəki iddialara Bakı rəsmi münasibət bildirməsə də, hakimiyyətə yaxın APA xəbər agentliyi öz mənbələrinə əsasən yazıb ki, Bakı Tehrandan “bu iddiaların təkzibini gözləyir”.

Hələ ki, Tehran bu iddiaları ictimai şəkildə şərh etməyib.

Azərbaycan və İran arasında münasibətlər uzun müddət gərgin olub - Azərbaycanın İsraillə yaxın münasibətləri Tehranı, İranın isə Ermənistanla dostluğu Bakını qıcıqlandırır. İran, həmçinin Azərbaycanın Ermənistan ərazisindən istədiyi "Zəngəzur dəhlizi" layihəsinə qarşıdır. Ölkənin ali dini lideri Ayətulla Xameneyi Nikol Paşinyanla Tehranda görüşündə Zəngəzur marşrutunun əleyhinə olduqlarını deyib.

İranın mərhum Prezidenti İbrahim Rəisi təyyarə qəzasında həlak olmamışdan az əvvəl azərbaycanlı həmkarı İlham Əliyevlə iki ölkə sərhədində görüşmüşdü.

Məsud Pezeşkian Prezident seçildikdən sonra cənab Əliyevlə arasında səmimi söhbətin baş tutduğunu nümayiş etdirən rəsmi məlumatlar yayıldı.

İran İsraili vuracaqmı?

Bu arada dünyanın gözü İrana dikilib - Haniyənin Tehranda öldürülməsindən sonra hamı İranın İsraildən necə bir qisas alacağını izləməkdədir.

Qərb Tehranı İsraildən qisas almağa yönəlmiş hər hansı addımdan çəkinməyə çağırıb.

İran xarici işlər nazirlyinin sözçüsü Nasir Kənani buna cavab olaraq deyib ki, belə tələblər "siyasi məntiqdən uzaqdır və beynəlxalq qanun və prinsiplərin əleyhinədir və ölçüyəgəlməz bir xahişdir".

Avqustun 23-də Prezident Məsud Pezeşkian Britaniya Baş naziri ilə telefonla danışıb və bildirib ki, Qərbin "Qəzzadakı bənzəri görünməmiş qeyri-insani cinayətlərə sakit qalması məsuliyyətsizlikdir və İsraili regionun və dünyanın təhlükəsizliyini risk altında qoymağa həvəsləndirir".

Astaranın qubernator müavinin sözlərinə görə, təlim məşqləri müdafiə hazırlığının artırılması məqsədi daşıyır və fərz olunan hədəflərə hücum ediləcək.

Seyid Həmid Musəvi deyib ki, sərhəd şəhərindəki davamlı partlayışlar təlim məşqləri ilə əlaqədar olacaq və səslər şəhərin bəzi hissələrində eşidilə bilər.

“Burda Bəndər Astara sakinlərinin narahat olmasına səbəb yoxdur və bu yaxınlarda da Astara ərazisində eyni təlimlər keçirilib”, - o vurğulayıb , İRNA yazır.

95 minlik əhalisi olan Astara Azərbaycanla həmsərhəddə yerləşir. İRNA yazır ki, şəhərin dəniz, dəmiryolu və magistral yol sərhədi var və regionda ticarət qabiliyyətlidir.

Seçilən
178
bbc.com

1Mənbələr