AZ

Xaricdə təhsil imkanı - MÜZAKİRƏ

Yazını böyüt
Yazını kiçilt

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq. Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.

Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.

Yeri gəlmişkən, Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb.

Bəs, görəsən, ekspertlər builki seçimləri necə qiymətləndirirlər? Seçimləri şəffaf və ədalətli hesab etmək olarmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, seçim prosesi kifayət qədər şəffaf və ədalətli keçirilib: “2007-ci ildən başlayaraq Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı ilk dövlət proqramını hazırlayan işçi qrupunun üzvü olmuşam. Bizim birinci Dövlət Proqramında üstünlük daha çox bakalavr pilləsində təhsil almaq idi. İkinci Dövlət Proqramında isə bakalavr təhsili ilə bərabər magistr pilləsində təhsil almağa göndərilən gənclərin sayında artım müşahidə olunur. Dövlət Proqramında müəyyənləşdirilmiş universitetlər, müəyyənləşdirilmiş ixtisaslar birbaşa Azərbaycanın gələcəkdə lazım olacaq peşəkar kadrların təminatını həyata keçirəcək. Bu istiqamətdə seçimlər də olduqca ədalətli və şəffaf həyata keçirilir. Bilirsiniz ki, bununla bağlı aidiyyəti dövlət qurumlarından ibarət komisiya fəaliyyət göstərir. Qaydalar da çox aydın şəkildə qeyd olunub. Bu Proqramın istedadlı gənclərin nüfuzlu universitetlərdə təhsil almaq arzusunun reallaşmasında böyük rolu var. Builki seçimlərlə bağlı da kifayət qədər işlər görülüb. Hesab edirəm ki, həmişə olduğu kimi bu dəfə də Dövlət Proqramı çərçivəsində seçim meyarlara müvafiq olaraq reallaşdırılıb”.

Təhsil eksperti Məzahir Məmmədli də builki seçimləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, əvvəlki illərdə sözügedən proqrama seçim zamanı neqativ hallar müşahidə olunsa da, son illər belə hallara rast gəlinmir: “Bundan əvvəl də bu proqram fəaliyyət göstərirdi. Lakin mexanizmlərin işlənməsində bir qədər problemlər var idi. Seçimlərdə neqativ hallar müşahidə olunurdu. Artıq neqativ hallar demək olar ki, aradan qaldırılıb. Açıqlanan siyahıya baxanda görürük ki, təqaüdçülər təhsil cameəsi üçün tanış adlardır. Biz il boyu həmin gənclərin əldə etdiyi yüksək nailiyyətlərin şahidi olmuşuq. Məlumdur ki, 2022-2026-cı il üçün nəzərdə tutulan proqram ölkə prezidentinin sərəncamı ilə 2028-ci ilədək uzadıldı. Təhsil alacaq şəxslərin sayı isə 500-ə çatdırıldı. Bu da gənclərin gələcəyi üçün böyük imkanlar yaradır. Həmin şəxslər bəzi öhdəliklər daşıyacaq. Məsələn, universiteti bitirdirdikdən 2 ay sonra ölkəyə qayıtmalı və 5 il ərzində ölkədə oxuduqları ixtisas üzrə fəaliyyət göstərməlidirlər. Həmin dövlət proqramına daxil olmaq üçün müəyyən şərtlər mövcuddur. Avropa ölkələrində yaxşı təhsil almaq istəyən gənc İELTS 6.5-7 balnan təmin etməli, TOEFL-dan 100 bal toplamalıdır”.

Seçilən
44
49
hafta.az

10Mənbələr