Həyat mənbəyi olan su insan bədəninin 65 %-ni təşkil edir. Hətta kəskin su çatışmazlığı insanın həlak olmasına da gətirib çıxara bilər. Sağlam həyat üçün kifayət qədər su istehlakı böyük əhəmiyyət kəsb edir. Bəzi insanlar filterlənmiş sulardan istifadə etsə də, suyu qaynadıb soyutduqdan sonra istifadə edən insanlar da çoxdur.
Bəs suyun bu formada içilməsi orqanizm üçün yenə də fadalı hesab olunurmu?
Mövzu ilə əlaqədar qida məsələləri üzrə ekspert İlkin Şirinov “MediaPost”a açıqlama verib. O bildirib ki, suyun hansı formada qaynadıldığı, neçə dərəcədə soyudulmalı olduğu və necə qəbul edilməsi də önəmlidir: “Suyu çiy formada qəbul etdikdə onun tərkibində olan kalium, maqnezium, kalsium və digər faydalı elementlərdən bəhrələnmiş oluruq, ancaq suyu ifrat dərəcədə qaynadarıqsa, artıq insan bədəni üçün faydalı olan elementlər məhv olur. Həmçinin nəzərə alsaq ki, su bakteriyalardan təmizlənmək üçün xlorlaşdırılır, bu zaman suyun tərkibində olan xlor qaynadıqda artıq başqa bir birləşməyə çevrilir və bu, orqanizm üçün kifayət qədər zərərli ola bilər”.
Ekspert qaynadılmış suyun istifadəsi barəsində də danışıb: “Tam şəkildə bir və ya iki dəfə qaynadılıb soyuduqdan sonra qəbul edilən su artıq ağır hesab olunur və bu, insan orqanizmində süstlük və ağırlığa çevrilmiş olur”.
İ. Şirinov qeyd edib ki, çiy suyun tərkibindəki bakteriyaların orqanizmə zərər verməməsi üçün onu filterləmək olar: “Yadımdadır ki, əvvəllər daşlar olardı və sular həmin daşlardan süzülərdi. Heç bir ziyanı, fəsadı da olmamışdı. Amma bu gün satılan filtrlər suyun təmizlənməsinə nə dərəcədə kömək edir? Digər tərəfdən insanlar çox zaman marketlərdə satılan mineral sulara daha çox üstünlük verirlər. Bəzi istehlakçıların şikayətlərinə görə, həmin sulardan spesifik qoxular gəlir. Yəqin ki, bu da suya vurulan həmin mineralların tərkibinə, yaxud faiz baxımından azlığına və çoxluğuna riayət olunmamasından irəli gəlir. Mən şirkətlərə tövsiyə edərdim ki, qablaşdırılmış suların üzərində yazılan minerallar heç olmasa, suyun tərkibinə az da olsa, uyğun olsun”.
Qida mütəxəssisi bildirib ki, ekoloji baxımdan təmiz olmayan yerlərdə satılan qidalar birbaşa orqanizmə ziyan verdiyi kimi, piştaxtalarda satılan sular da zərərli olduğu təqdirdə insan orqanizminə öz fəsadını göstərəcəkdir: “İnsanların artıq heç bir su satan şirkətə inamı qalmadığına görə evdə suyu qaynadıb içməyə üstünlük verirlər. Mən buradan müəyyən qurumlara səslənirəm ki, suyun qeydiyyatdan keçməsi hər hansısa bir sənədlə təsdiqləndikdən və satışına icazə verildikdən sonra yaxşı olardı ki, müəyyən müddətdən sonra həmin sudan nümunələr götürülsün, monitorinqlər təşkil olunsun. Dəqiqləşdirilsin ki, satılan suyun tərkibi həmin kağız verilən su ilə eynilik təşkil edir, yoxsa dəyişdirilib? Çox mineralla təqdim olunan su insan bədəni üçün zərərli maddələrlə zəngin olan su kimi satılır. Mən təklif edirəm ki, bu məsələyə diqqət yetirilsin. Heç olmasa suyun tərkibində olan mineralların üzərindəki yazı ilə bir uyğunluğu yoxlanılsın”.