AZ

Azərbaycan ilə Rusiyanın əməkdaşlığının bəhrəsi olan Şimal-Cənub marşrutu bütün regionun iqtisadi inkişafına əlavə təkan verəcək -ŞƏRH

Azərbaycan

Bakı, 20 avqust, Rabil Kətanov, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra mühüm məsələlərlə yanaşı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı məsələsi də müzakirə olundu.

Əsası 2000-ci ildə keçirilən Sankt-Peterburq İqtisadi Forumunda Rusiya, Hindistan və İran tərəfindən qoyulan bu dəhliz Rusiya və Şimali Avropanı Cənub-Şərqi Asiya və Körfəz ölkələri ilə nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli layihədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 2005-ci ildə bu layihəyə qoşularaq tranzit ölkə funksiyasını yerinə yetirmək istiqamətinə mühüm addımlar atıb. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişindən tutmuş Ələt-Astara magistral avtomobil yolunun və Bakı Beynəlxalq Dəniz Limanının modernləşməsinə kimi həyata keçirilən işlər yüklərin Azərbaycan ərazisindən tranzit olaraq daşınması üçün əlverişli imkanlar yaradıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, Şimal-Cənub dəhlizi ilə cəmi 7200 kilometr yol gedəcəklər. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzilbaşına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz azalacaq.

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnmək, yeni dividentlər qazanmaq istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur.

Bundan başqa, xüsusi qeyd olunmalıdır ki, Şimal-Cənub marşrutu Azərbaycan, İran və Rusiya ərazilərində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusilə çoxdur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Rusiyanın “Росконгрес» Fondunun analitiklərinin hesablamalarına əsasən, 2022-ci və 2023-cü illər ərzində dəhlizlə yükdaşımalar 18 faiz artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin 2030-cu ildə 30, 2035-ci ildə isə 35 milyona çatacağı gözlənilir. Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu istismara verildikdən sonra yükdaşımaların həcmi daha artaraq tranzit ölkələrin gəlirlərinin də çoxalmasına səbəb olacaq. Yüklərin Hindistanın Mumbay limanından İranın Çabahar limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulub. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq fəaliyyət göstərir. Rəşt–Astara hissəsində isə işlər davam edir. Rusiya dəmir yolunun Rəşt-Astara (İran) - Astara (Azərbaycan) hissəsinin tikintisi üçün İrana 13,5 milyard avro güzəştli kredit ayırıb.

Diqqətə çatdırılmalıdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi səmərə ilə yanaşı, həm də siyasi əhəmiyyətə malikdir. Dəhlizin keçdiyi ölkələr tranzit gəlirlər əldə etməklə həm də siyasi sabitliyin dayanıqlılığına nail olacaqlar. Azərbaycan ilə Rusiyanın qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində fəaliyyət göstərən bu dəhliz yalnız iki ölkənin deyil, bütün region dövlətlərinin iqtisadi inkişafına əlavə təkan verəcək.

Seçilən
4
3
azertag.az

4Mənbələr