“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mövsümdə ilk qələbəmizdir. Rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm. Bilirdik ki, “Zirə” üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldır. Bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Əzmkarlıq göstərdilər, xal qazanmaq üçün sonadək mübarizə apardılar. Bu gün əzmkar olmasaydıq, “Zirə” ustalıq sarıdan bizdən üstün idi, rahat qalib gələrdi. Onlara imkan vermədik. Birinci hissədən daha çox razı qaldım. İkinci yarıda dəyişikliklərdən sonra üstünlük rəqibə keçdi”.
Ayxan Abbasov “Şamaxı”nın bu mövsüm üçün hədəfləri barədə sualı da cavablandırıb:
“Məqsədimiz çempionatda qalmaq, yuxarı yerlər üçün vuruşmaq, yeni oyunçular üzə çıxarmaqdır. Bizdə U-21 millisindən üç oyunçu çıxış edir. Bura inanıb gəlmişəm. Yenidən komanda qurmaq çox çətindir. Məncə, məşqçilikdə ən çətin işlərdən biri seleksiyadır. Daha sonra komandanı inandırmaq lazımdır. Hər qələbə bütün komanda və mənim üçün böyük stimuldur. “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil. “Zirə” ötən il çox möhkəm komanda idi. Kubokun finalında oynadı. Avrokuboklarda son oyunu çıxsaq, məncə, bu il “Zirə” çox yaxşı çıxış etdi. “Zirə”nin seleksiyasına baxsaq, “Qarabağ”a başağrısı olacaq. Məğlubiyyətlər bəzən qaçılmazdır. Belə komandanı məğlub etmək bizim üçün stimuldur”.
“Rəqib keçilməz idi” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə Premyer Liqanın cari mövsümündəki ilk məğlubiyyətə belə şərh verib:
“Oyun bizim üçün bir az uğursuz başladı. Rəqib bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdu. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik.
Məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Kiprdəki ağır məğlubiyyətə baxmayaraq, bu gün yaxşı oynadıq, gözəl oynadıq. Sadəcə, rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır”.