AZ

ABŞ özünə tabe olmayan azad strukturları əzməyə və ələ keçirməyə çalışır - RƏYLƏR

“Telegram” sosial şəbəkəsinin rəhbəri Pavel Durovun həbsi beynəlxalq hüquqa və insan azadlığına tüpürməkdir- əcnəbi ekspertlər belə düşünür

“Telegram”-ın yaradıcısı Pavel Durovun həbsi şübhəsiz ki, qlobal informasiya məkanında ən çox müzakirə olunan xəbərlərdən biridir. İnsanda belə bir hiss yaranır ki, belə bir addım atan Paris öz güclü və imkanlarını həddən artıq qiymətləndirib- Fransanın hərəkətlərinə cavab çox böyük olub.

Məsələn, amerikalı sahibkar Elon Musk #FreePavel heşteqini dəstəkləyib və Durovu azad etməyə çağırıb. O, X sosial şəbəkəsində fransızca üç dəfə “Azadlıq” sözünü yazıb. Amerika Silikon Vadisinin nümayəndələri də Parisi pisləyiblər. Fransanın özündə də Makronun hərəkətləri etirazlara səbəb oldu- bir sıra fransız siyasətçiləri “Telegram” rəhbərinin, o cümlədən Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippotun həbsinə mənfi reaksiya verdilər. Filippot X sosial şəbəkəsində Fransanın dünyaya özünün tiran mahiyyətini göstərdiyini yazmışdı. Durovun saxlanması Rusiyada da böyük rezonansa səbəb olub, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Parisin hərəkətlərini tənqid edib, rusiyalı deputatlar Qərbin söz azadlığı ilə bağlı ikili standartlarından danışıblar.

Pavel Durov ətrafında vəziyyəti dəyərləndirən dünya mediası və analitikləri Parisin hərəkətlərində fərqli maraqlar görürlər.

Rusiyalı ekspertlər və politoloqlar Durovun həbsini necə qiymətləndirirlər? Onlar Fransa və Makronun media maqnatını həbs etməklə hansı məqsədlər güddüyünü düşünürlər? Ekspertlər bu haqda fikirlərini Caliber.Az-a açıqlayıblar. Rəyləri oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşovun fikrincə, Moskva Durovun həbsinə, onun o cümlədən Fransa vətəndaşı olduğuna görə hələ ki, birmənalı reaksiya verməyəcək.

“Durov müxtəlif bəhanələrlə Rusiya hakimiyyəti ilə ünsiyyətdən yayındı, biznesini Rusiyada formalaşdırmaq istəmədi. Bəlkə də “Telegram”-ın təhlükəsizliyi baxımından bu düzgün strategiya idi, lakin Durov məhz Fransa vətəndaşı kimi həbs edilib. Belə ki, Durov Moskvadan aktiv dəstək istəyirsə, o, Rusiya vətəndaşı olduğunu və Rusiya hakimiyyətindən kömək gözlədiyini açıq şəkildə bəyan etməlidir. Bu, prinsipial olaraq vacibdir”,- politoloq qeyd edib.

Vasili Koltaşev də hesab edir ki, Fransa uzun müddətdir ki, böyük siyasət sferasında müstəqil qərarlar qəbul etmir. Xüsusən də, Makron prezident olduqdan sonra. Ekspertin fikrincə, Fransa Vaşinqtonun göstərişi ilə Durova qarşı çıxır.

“Düşünmürəm ki, o, azadlığa buraxılacaq və ya kiməsə dəyişdiriləcək, düşünürəm ki, onun gələcək taleyi problemli olacaq, çünki burada böyük məqsədlər güdülür. Əsas məqsəd Amerikanın təsir zonası daxilində Rusiyaya yaxın bütün biznesləri əzməkdir. Birləşmiş Ərəb Əmirlikləri, Fransa və digər Aİ zonaları Amerikanın təsir zonalarıdır və “Telegram” kimi azad strukturlar və ya Durov kimi biznesmenlər bu məkanda öz proqramlarını həyata keçirməməlidir. Və bu, bu cür ilk həbs deyil: mən özüm “Telegram”-da ABŞ-ın əmri ilə artıq reallaşdırılmış bir sıra həbslərdən danışan bir kriptovalyuta mütəxəssisinin açıqlamalarını yayımladım. Böyük ov gedir, ona görə də rusiyalı sahibkarlar Rusiyaya və ya bu tip şəxslərin ekstradisiyası sistemi olmayan neytral ölkələrə köçməlidirlər. İndi biz belə yırtıcı, “soyuq” formada davam edən yeni dünya müharibəsinin lap başlanğıcındayıq və “Telegram” əməkdaşları hələ uzun illər dünyanın hər yerində ovlanacaqlar”,- politoloq vurğulayıb.

“Truly” portalının baş redaktoru Ruslan Aisinin fikrincə, Durovun saxlanılması ciddi, qeyri-adi hadisədir, çünki hüquq ekspertlərinin fikrincə, informasiya və telekommunikasiya fəaliyyəti üçün imkan, platforma təqdim etdiyinə görə insanı təqib etmək mümkün deyil.

“Şəhərin ərazisində terrorçuların və quldurların olmasına görə heç bir şəkildə cəzalandırıla bilməyən şəhər meri kimi o da məsuliyyət daşıya bilməz. Mer yerli elektorat tərəfindən yenidən seçilməyə bilər, lakin buna görə cinayət məsuliyyəti daşıya bilməz. Fakt budur ki, Durov dünyada praktiki olaraq heç bir analoqu olmayan unikal məhsul yaratdı və bu fakt "mütərəqqi" adlanan dünyanın liderlərini çox qıcıqlandırır və onlar Durovu təhlükəsizlik xidmətləri ilə əməkdaşlığa məcbur etmək istəyirlər. Aydındır ki, bütün bunlar “Telegram” kimi meqastrukturun nəzarətini ələ keçirmək üçün edilir. Hesab edirəm ki, bu həbsdə “Google”, “Facebook”, “Apple” kimi böyük nəhənglərin də əli var.

Daha bir incə məqam var- Durov Bakıya gələndən sonra həbs edilib. Düşünürəm ki, bu, Durovun Azərbaycanla hansısa sövdələşməyə getdiyini düşünən Paris üçün müəyyən tətik oldu. Parislə Bakının məlum qarşıdurması və Fransanın Azərbaycana qarşı qeyri-dost siyasəti ucbatından hadisələrin bu dönüşü Parisdə qəzəb doğurmuş və Durovu cəzalandırmaq qərarına gəlmişdir.

Tamamilə aydındır ki, Durovun özü bir şəxs və “Telegram”-ın qurucusu kimi bir çox proseslərə dolayı təsir göstərmək imkanına malik böyük institusional fiqurdur, ona görə də Paris ondan qəddar qisas almaqdan məmnun olacaq. Ən maraqlısı odur ki, sözdə “Azadlıq, Bərabərlik və Qardaşlıq” prinsiplərini elan edən Paris burada söz azadlığının görünən və görünməyən bütün prinsiplərini pozur. Düşünürəm ki, Makron da siyasi defolt təhlükəsi olmadığı üçün bununla razılaşdı. Təbii ki, bu hadisə dünyanı şoka saldı. Bu, praktiki olaraq hansısa tərəfin tələbi ilə İlon Mask, Mark Zukerberq və ya Sergey Brini həbs etmək və bununla da milyonlarla auditoriyaya təsir edən şirkətə təzyiq göstərməklə eynidir. Parisdən belə bir hərəkət isə çox pis siqnaldır”,- deyə R.Aisin qeyd edib.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
sesqazeti.az

10Mənbələr