AZ

Alimlər Azərbaycanda elm adamlarının həbsini pisləyib

Yayımlandı: 30 Avqust 2024 14:23 “Akademik fəaliyyətlərinə görə haqsız yerə həbs edilən Bəhruz Səmədov və digər azərbaycanlı alimlərlə həmrəyik” Bir qrup elm adamı Azərbaycanda həbs edilən alimlərlə bağlı bəyanat yayıb. Onlar həmkarlarının həbsini qınayıb. Bəyanatda Praqadakı Çarlz Universitetinin siyasi elmlər namizədi Bəhruz Səmədovun da adı çəkilir. Bildirilir ki, o, avqustun 21-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib, hazırda istintaq təcridxanasındadır. Bəhruz Səmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Bu maddə ilə onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bəyanatda deyilir ki, Səmədovun Çarlz Universitetində doktorluq tədqiqatları Azərbaycanda avtoritarizm və siyasi diskurslara yönəlib. O, Azərbaycandakı cari hadisələri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ətrafında cərəyan edən hadisələrlə bağlı müxtəlif beynəlxalq media orqanlarında dərc olunan təhlilləri ilə tanınıb. Foto: Bəhruz Səmədovun şəxsi arxivindən “Səmədov həm də ardıcıl və səsli şəkildə Ermənistanla sülhün tərəfdarı olub”, – bəyanatda deyilir. Alimlər daha sonra bildirirlər ki, son bir neçə ildir Azərbaycanda jurnalistlərə, müstəqil düşünənlərə və fəallara qarşı hökumətin repressiyaları artıb. “Repressiyalar 2020-ci ilin noyabrında baş verən İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistana qarşı hərbi qələbəsindən sonra intensivləşib. Hökumət “Absaz Media”, “Kanal 13” və “Toplum TV” də daxil olmaqla, müstəqil media qurumlarının ondan çox jurnalistini həbs edib. Ölkədə 2024-cü ilin noyabrında baş tutacaq “COP29” iqlim dəyişikliyi sammiti də Azərbaycan rejimini sülh fəalları olan tələbələri və tədqiqatçıları həbs etməklə susdurmağa sövq edib”. Qubad İbadoğlu. Foto: Meydan TV Daha sonra iqtisadçı Qubad İbadoğlunun həbsinə diqqət çəkilib. Bildirilib ki, o, 2023-cü il iyulun 23-də həbs edilib. 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb: “Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılan iqtisadçı Fazil Qasımov Azərbaycana ekstradisiya edilib. Hazırda həbsxanada aclıq aksiyası keçirir. Bundan əlavə, iqtisadçı Fərid Mehrəlizadə də 2024-cü il mayın 30-da oğurlanaraq, saxlanılıb. Etnoqraf İqbal Əbilov da 2024-cü il iyulun 22-də saxlanılıb”. Daha sonra bildirilir ki, azərbaycanlı tədqiqatçılar dünyanın ən avtoritar dövlətlərindən biri haqqında ictimaiyyətə məlumat vermək üçün hər gün özlərini riskə atırlar. Akademik azadlıqlara hörmət olunmayan bir ölkədə sosial elm adamları, tarixçilər və iqtisadçılara hakimiyyət düşmən mövqedədir: Foto: İqbal Əbilovun şəxsi arxivindən “Onların işi mühümdür və müstəqil jurnalistlərlə birlikdə Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirən nadir halqalardan birini təşkil edir. Akademiklərin həbsi Azərbaycanın beynəlxalq öhdəlikləri ilə bir araya sığmır və bu, ölkənin reputasiyasına ləkədir. Biz Azərbaycanla bağlı müstəqil araşdırmaların aparılmasının dəyərli olduğuna inanırıq. Akademik fəaliyyətlərinə görə haqsız yerə həbs edilən Bəhruz Səmədov və digər azərbaycanlı alimlərlə həmrəyik”. Sonda Azərbaycan hökuməti alimləri, jurnalistləri hədəf almağı dayandırmağa, həbs edilənləri azad etməyə çağırılır. Həmçinin Avropa Parlamentinin yeni seçilmiş üzvləri Bəhruz Səmədovun həbsinə qarşı çıxmağa və Azərbaycanda qalan bütün akademik və siyasi məhbuslarla birlikdə Cənubi Qafqazdakı diplomatik fəaliyyətinin onun azadlığa buraxılması tələbinə yönəltməyə çağırılır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
xural.com

1Mənbələr