AZ

Ermənistan sülhə qarşı “Troya atı”na çevrildi...

Image

Ermənistanda 2027-ci ildə konstitusiya islahatı ilə bağlı referendum keçirilməsi planlaşdırılır. Bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib: “Bizə konstitusiya dəyişiklikləri deyil, yeni bir konstitusiya lazımdır. Müzakirə etdik və bu məsələdə konsensusa gəldik”, - deyə o bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da demişdi ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var və bununla bağlı referendum keçirilməlidir.

Qeyd edək ki, İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanmasına mane olan əsas amillərdən biri məhz Ermənistanın mövcud konstitusiyasıdır. Çünki həmin sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bakı, özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Paşinyan Ermənistanın hazırkı ana qanununun dəyişdirilməsi məqsədilə 2022-ci ildə Konstitusiya İslahatı Şurası yaradıb. O, bir müddət əvvəl sözügedən şuranın mandatını dəyişib və bildirib ki, qurum Ermənistanın tamamilə yeni konstitusiyasının layihə mətnini 2027-ci ilin yanvarınadək hazırlamalıdır. Konstitusiya İslahatı Şurası dövlət rəsmilərindən, iqtidaryönlü siyasətçilərdən və iki QHT rəhbərindən ibarətdir. QHT rəhbəri Daniel İoannisyan deyib ki, şura hazırda əsas diqqətini yeni konstitusiyasının bütünlükdə “modelinə” yönəldib. İoannisyan ümid etdiyini bildirib ki, hətta 1990-ci il bəyannaməsinə istinad da mətndə saxlana bilər, amma bu, heç də zəruri deyil. Hazırda Ermənistan konstitusiyası Azərbaycanla sülhə əsas maneədir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bunu bir daha diqqət mərkəzinə gətirib: “Azərbaycan bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın olduğunu hesab edir. Məhz buna görə Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim edib. Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”. Bu iddiaların aradan qaldırlmasını isə Ermənistan 2027-ci ilə kimi təxirə salmaq istəyir. Rusiyalı politoloq İqor Korotçenko İrəvanın konstitusiya referendumunu 2027-ci ildə keçirməyi planlaşdırdığı ilə bağlı məlumatı şərh edərkən bunun təsadüfi xarakter daşımadığını vurğulayıb: “Hesab edirəm ki, bu, Paşinyan komandasının Azərbaycana qarşı ərazi iddialarının ləğvi ilə bağlı konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini hansısa şəkildə təxirə salmaq üçün şüurlu istəyidir. Böyük ölçüdə ABŞ, Fransa və Avropa ittifaqı kimi qüvvələrin təsiri altında olan Paşinyan hökumətinin hələ də tez, təsirli və səmərəli tədbirlər görməsi mümkün deyil”. O bildirib ki, Qərb iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəmir: “Məsələ burasındadır ki, istər Paşinyan, istərsə də Ermənistanın növbəti lideri tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin yenidən nəzərdən keçirilməsi potensialını saxlamaq Qərbin marağındadır. Bundan başqa, revanşizm Ermənistanda kifayət qədər populyardır. Ermənistan ordusunun hücum silahları ilə yenidən silahlanması prosesinin davam etməsi, nəhayət, İrəvanda heç də hamının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının nəticələri ilə barışmadığının göstəricilərindən biridir. Həmçinin mühüm maliyyə, media və digər təsir formatlarına malik qlobal erməni diasporunun bir sıra Qərb ölkələrinin bəzi hökumət və parlamentlərinə dağıdıcı təsiri səngimək bilmir”.

Ekspert hesab edir ki, Cənubi Qafqaz ətrafında böyük oyun hələ də davam edir və Ermənistan tələ kimi oyunçuların alətinə çevrilib, regionu qarışdıra bilər: “Bu baxımdan Rusiya, Türkiyə, Azərbaycan, İran və Gürcüstan mövcud risqləri dərk etməli və Qərbin Ermənistan vasitəsilə regiona gələn dağıdıcı tendensiyalarının maksimum şəkildə blokadaya alınması üçün ortaq yanaşmalar tapmağa çalışmalıdırlar. Cənubi Qafqazda vəziyyətin yeni böyük destabilizasiyasının qarşısını almaq üçün Ermənistanın “Troya atı”na çevrilməsini dayandırmaq lazımdır”. Korotçenko qeyd edib ki, bölgədə sülh müqaviləsi olmadan vaxtın daha üç il uzadılması müsbət nəticələr vəd etmir və Cənubi Qafqazda vəziyyət qeyri-sabit qalacaq: “Bu gün bir çox istiqamətlərdə regionu sarsıtmağa çalışırlar. Xüsusilə Qərbin Gürcüstandakı vəziyyətə necə mənfi təsir göstərdiyini, faktiki olaraq dövlət çevrilişinə və legitim hakimiyyətin məhvinə hazırlaşdığını görürük. Müxalifətin konstitusion yolla qalib gələ bilmədiyi bir şəraitdə “rəngli inqilab” və zorakılıqla hakimiyyətin dəyişməsi ssenarisi istifadəyə hazırlanır və bunu heç kim gizlətmir. İranda vəziyyət xarici oyunçular tərəfindən aktiv şəkildə destabilizasiya olunur”. Korotçenkonun fikrincə, yalnız sülh müqaviləsi bölgəni yad təsirlərdən qoruya bilər: “Biz İrəvana özünün qərargahı kimi gələn Qərb kəşfiyyat xidmətlərinin ümumilikdə dağıdıcı mövqeyini görürük. Bunları açıq şəkildə Paşinyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digərləri qəbul edir. Bölgədə vəziyyətin sabitləşməsi üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır. Müqavilə Ermənistanı bu sülh müqaviləsinə əməl etməyə məcbur etmək üçün rıçaqlarla tamamlanmalıdır. O cümlədən, Azərbaycanın hərbi potensialını saxlamaq lazımdır”. O, Cənubi Qafqazda rəsmi Bakının yüksək mövqeyinin də mühüm olduğuna diqqət çəkib: “Digər tərəfdən, biz Bakının dünya paytaxtlarından biri kimi geosiyasi statusunun yüksəldiyini və beynəlxalq münasibətlər sistemində və qlobal təşəbbüslərin təşviqində Azərbaycanın nüfuzunun kəskin şəkildə yüksəldiyini görürük. De-fakto Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək mandatı var. Yeri gəlmişkən, bunu ilk dəfə Qarabağa səfəri zamanı Azərbaycan Prezidentinə müraciət edən Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi. Hesab edirəm ki, Vladimir Putinin Bakıya səfəri zamanı bu və ya digər şəkildə Azərbaycanın fəal və çox mühüm iştirakı ilə regionda sabitlik və təhlükəsizlik məsələsi də müzakirə edilib”.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
baki-xeber.com

10Mənbələr