“Yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız. Kəndimizə giriş çay üzərindən quraşdırdığımız taxta parçalarının üzərindən keçir, çay daşanda uşaqların gediş-gəlişi təhlükəli olur. İşıq, qaz, kənddaxili yollarımızla bağlı problemlərimiz var. Uzun illərdir ki, dərdimizi dinləyən bir məmur tapmırıq”.Masallının Təklə kəndinin sakinləri Meydan TV-yə kənddəki problemlərdən danışırlar. Onlar Meydan TV-yə yazdıqları məktubda iddia edirlər ki, kəndin uzun illərdir həllini tapmayan saysız-hesabsız problemi var. Bu problemlərin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, qulaqları boş vədlər eşidib.Kəndin girişindəki taxta “körpü”Məktubda imzası yer alan sakinlərdən biri Həsən Həsənov bu problemlər ətrafında danışır. Söhbətə yoldan başlayır. Deyir, kəndə giriş üçün bir əsas yol var ki, o da Viləş çayının üzərindəki taxta parçalarından ibarətdir:“İllərdir ki, özümüz çayın əsas qolunun üzərindən kəndə keçid etmək üçün taxta parçaları bərkitmişik. Sizə göndərdiyimiz fotolardan da görəcəksiniz ki, o taxtanın üstündən maşın keçə bilməz. Özümüz zorla o tərəf-bu tərəfə keçirik. Hökumət kəndə bir yol çəkmir ki, rahat get-gəl edək. Kəndə gəlmək üçün maşını qonşu kəndlərdə saxlamalı, o taxtanın üstündən keçməli oluruq”.Sakinlər yola görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Rəhmətlik Heydər Əliyev deyirdi ki, yol mədəniyyətdir, təəssüf ki, biz bu mədəniyyətdən uzaq bir kənddə yaşamaq məcburiyyətindəyik. Kənddə ağır xəstə olanda, yanğın baş verəndə nə təcili yardım, nə də yanğınsöndürənlər yetişə bilir”.Sakinin sözlərinə görə, kənddaxili yollar da bərbad vəziyyətdədir:“Yağış, qar yağanda kənddaxili yollar keçilməz olur. Uşaqlarımız məktəbə çətinliklə gedib-gəlirlər”.Seldən sonra…2015-2022-ci illər ərzində kəndə bir neçə dəfə sel gəlib. Olan-qalan təsərrüfatları yuyub aparıb, evlərə zərər vurub. Ancaq dəymiş zərərə görə kəndlilərə kompensasiya ödənilməyib:“Əhali kənddən Fövqəladə Hallar Nazirliyinin göndərdiyi qayıqlarla çıxarıldı. Təsərrüfatlarımız, evlərimiz su altında qaldı. Hökumət bizimlə maraqlanmadı. Çayın içərisi hələ də təmizlənməyib, 2020-ci ildən işlər yarımçıq qalıb”, – sakin sözünə davam edir.Köhnə transformator işə yaramırKənddə işıq problemi də var. Sakinlərin deməsinə görə, 2016-cı ildə kabelləşmə işləri aparılsa da, transformator quraşdırılmayıb. Hazırda istifadə olunan 3 kilometr aralıdakı transformatorsa tələbatı ödəmir. Qaz olmadığı üçün elektrik cihazlarından istifadə etmək məcburiyyətindədir. Ancaq bu, köhnə transformatorla mümkün olmur. Tez-tez ya transformator, da elektrik cihazları sıradan çıxır: “Məsələylə bağlı Masallı Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynova da müraciət etmişik. Bu qədər sakinin problemi nəzərə alınmır, insanları çarəsiz duruma salırlar”.Sakinlər deyir, kənddə qaz olsa elektrik cihazlarına üstünlük verməzlər. Kəndə qaz xətti çəkilib, ancaq bir çox evə sayğac qoyulmayıb, qaz verilməyib:“Evlərə qaz sayğacı qoyulmur, pul tələb olunur. Qarşıdan qış gəlir, havalar soyumağa doğru gedir. Yenə istilik baxımından çətinlik çəkəcəyik. Meşələrə ayaq basa bilmirik, ağacların kəsilməsi inzibati məsuliyyət yaradır. Axı niyə bu qədər qoca, uşaq soyuqdan donmalıdı?”İcra hakimiyyəti bələdiyyəyə tövsiyələr edibMasallı rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlər dəfələrlə bu quruma da müraciət ediblər. İcra hakimiyyəti də aidiyyəti qurumlara məktub göndərib, problemlərin həlli üçün müraciət edib. Aidiyyəti qurumlardan gələn cavablarda kənddəki bu problemlərin aradan qaldırılması üçün işlər aparıldığı bildirilib:“Təklə ərazi nümayəndəsinin və Təklə kənd bələdiyyəsinin nümayəndələrinin iştirakıyla problemlər araşdırılıb. Yol Təklə bələdiyyəsinin balansında olduğuna görə çayın üzərindən salınmış körpünün və yolun təmir edilməsi üçün bələdiyyəyə tövsiyələr olunub. Bələdiyyənin təqdim etdiyi arayışa görə, vətəndaşların dəstəyi ilə sözügedən körpüdə təmir işləri aparılması üçün hazırlıq işləri aparılıb. Qaz sayğaclarının quraşdırılması ilə bağlı “Qaz təchizatı haqqında” Qanun sakinlərə izah edilib, bildirilib ki, müvafiq sənədlərini toplayaraq Masallı ASAN Xidmətə müraciət etməlidilər”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta