AZ

Taxıl bahalaşacaq?

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan buğda idxalını azaldıb. Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 460 min 645 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsini məlumatına görə, bu həcmdə buğdanın dəyəri 102 milyon 620 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 117 min 358 ton (20,3 faiz), dəyər baxımından isə 62 milyon 64 min ABŞ dolları (37,6 faiz) azdır. Hesabat dövründə buğda idxalna çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 faizini təşkil edib.

Yeri gəlmişkən, Azərbaycanın ərzaqlıq buğdaya olan illik tələbatı 1,8-2 milyon ton təşkil edir. Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehak edən ölkələr sırasındadır - ildə adambaşına 123 kq. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.

Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq isə 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həmin payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır.  Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2  ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb. 2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür.

Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qaldığı ölkələrdən biridir. Rəsmi məlumata əsasən 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub.

Hazırda Azərbaycan buğdanı əsasən, Rusiya və Qazaxıstandan idxal edir. Rusiya isə buğdanın ixrac vergisini artırmağı planlaşdırır. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin verdiyi açıqlamaya görə, Rusiyanın buğda ixrac vergisi avqustun 28-dən etibarən 9,7 faiz artaraq ton başına 908,5 rubl olacaq. Yeni vergi dərəcəsi 828,4 rubl olan hazırkı yeddi günlük ixrac vergisini əvəz edəcək. Bununla belə, arpanın ixrac vergisi sıfır olaraq qalacaq, qarğıdalıdan alınan vergi isə 1033,6 rubldan 701,4 rubla qədər azalacaq. İxrac rüsum dərəcələri buğda üçün bir ton üçün 214,6 dollar, arpa üçün 177,7 dollar və qarğıdalı üçün 198,8 dollar göstəricilərinə əsaslanır. Bu dərəcələr əvvəlki dövrlə müqayisədə cüzi fərqlər göstərir. Məsələn, buğdanın qiyməti 214,5 dollar, arpanın qiyməti 180,9 dollar, qarğıdalının qiyməti 205,2 dollar olub. Bu vergilər sentyabrın 3-dək qüvvədə olacaq.

Rusiya 2 iyun 2021-ci ildə taxıl balanslaşdırma mexanizmini işə salıb və buğda, qarğıdalı və arpa ixracına üzən vergilər tətbiq etməyə başlayıb. Bu mexanizm ixrac gəlirlərindən əldə edilən vəsaitlərin subsidiya kimi kənd təsərrüfatı məhsulları istehsalçılarına qaytarılmasını nəzərdə tutur. Vergilər Moskva Fond Birjasında qeydə alınmış ixrac müqavilələri üzrə müəyyən edilir. 2022-ci ilin iyul ayına qədər dollarla hesablanan vergilər bu tarixdən etibarən rublla hesablanmağa başlayıb.

Bəs, görəsən, Azərbaycanın buğda idxalını azaltmasına səbəb nədir?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırda yerli istehsal olan ərzaq buğdasının böyük əksəriyyəti heyvan yemi kimi istifadə edilir, keyfiyyəti aşağıdır: “Xaricdən, yəni Rusiyadan, Qazaxıstandan idxal edilən ərzaq buğdasından isə çörək bişirilir. Azərbaycan xaricdən il ərzində 1 milyon 300 min ton buğda alır.  Ötən ilin yaz-payız aylarında, mövsüm dövründə ucuz olduğuna görə bizdə idxalı artırdılar. Statistikaya nəzər salsaq görərik ki, həmin dövrdə 25-30 faiz normadan artıq taxıl idxal edilib. Yəni ehtiyatların böyük hissəsi ötən ilin yay və payız aylarında idxal edilib. Biz tələbatın böyük hissəsini həmin dövrdə idxal etdiyimizə görə, yanvar ayından sonra idxal səngiməyə başladı. Ötənilki praktika yenidən təkrarlanır. Payıza doğru idxal yenidən artacaq. Ötən ilin eyni dövrü ilə müqayisədə normal səviyyədə taxıl idxalı müşahidə ediləcək. Taxıl idxalı çoxlacaq, bu da qiymətlə bağlıdır. Bizim anbarlarımız, terminallarımız var. O ölçüdə taxılı ölkə daxilində saxlaya bilərik. Ona görə də ucuz vaxtda taxılı alıb yığırıq, bahalaşanda isə daha az idxal edirik və burada uduş əldə edirik.

Azərbaycanda kifayət qədər taxıl var. Gələn il də eyni qaydada taxıl idxalı müşahidə ediləcək. Yəni buğda idxalının azalmasına görə narahatlığa heç bir əsas yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
hafta.az

10Mənbələr