AZ

Fərid Qayıbov: "Kürü keçək?!" açıq suda üzmə yarışına maraq yüksək səviyyədədir

Fərid

Mingəçevir, 31 avqust, AZƏRTAC

“Yarışa maraq yüksək səviyyədədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərində keçirilən "Kürü keçək?! açıq suda üzmə yarışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, yarışa marağın ildən-ilə daha da artdığını diqqətə çatdırıb: "Bu tədbir artıq üçüncü dəfədir baş tutur. İlk dəfə Bakıda Xəzər dənizində təşkil olunmuşdu. Ötən ildən fərqli olaraq yarışda mübarizə aparanların sayı iki dəfə artıb. Bizim hesablama şirkətindəki çiplər artıq iştirakçı sayının çoxluğundan saymağı çatdırmırdı. Buna görə də gələn il çiplərin sayını artırımaq istəyirik".

F.Qayıbovun sözlərinə görə, xarici ölkələrdən bu yarışa iştirakçı cəlb etmək üçün planlar var: "Türk Dövlətlər Təşkilatı ilə danışıqlar aparırıq. Bir layihəmiz həyata keçdi. Bizim üzgüçülüklə bağlı digər tədbirlər planımız var. Bunlardan biri də “Birlikdə üzək” layihəsidir ki, onu da artıq iki dəfə reallaşdırmışıq. Müxtəlif yaş qruplarından olan insanlar ölkəmizdə fəaliyyət göstərən bütün Olimpiya Komplekslərinin hovuzlarında eyni anda yarışa başlayırlar. Təşkilat Komitəsinə, Azərbaycan Üzgüçülük Federasiyasına və Bakı Şəhər Halqasına dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə növbəti dəfə baş tutub.

İlk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
2
azertag.az

3Mənbələr