AZ

Sumqayıtdan 4 namizəd birgə bəyanat yaydı: "Saxtakarlıq dayandırılsın"

42 saylı Sumqayıt I Seçki Dairəsindən olan 4 namizəd - Şəfəq Mayılova, Yasəmən Mahmudova, Kəramət Salah və Ulduz Quliyeva birgə bəyanatla çıxış ediblər.

Sentyabrın 1-də, saat 16:00-da yayılan bəyanatda deyilir: 

"Biz 42 saylı Sumqayıt Birinci Seçki Sairəsindən deputatlığa namizədlər 1 sentyabr 2024-cü ildə səhər saatlarından etibarən günorta saat 16:00-a qədər olan müşahidələrimizə əsasən bəyan edirik ki, 42-ci seçki dairəsi ərazisindəki məntəqələrdə kütləvi qanun pozuntuları baş verir. 

Səhər saatlarından müşahidəçilərin seçki məntəqələrinə buraxılmaması, məntəqəyə buraxılmış müşahidəçilərə müşahidə aparmaq üçün münasib şərait yaradılmaması, bir çox hallarda maneələrin yaradılması, bəzi məntəqələrdə yerləşdirilən canlı yayımla müşahidə kameralarından yayımların açılmaması, bununla bağlı zənglərə MSK-nın ağlabatan cavab verməməsi, məntəqələrdə karusel əməliyyatlarının keçirilməsi, insanların fərqli qurumlardan toplu halda məntəqələrə göndərilməsi, toplu halda səs verilməsi, həmin məntəqədə qeydiyyatda olmayan şəxsləri ardıcıl olaraq siyahıya əlavə edilməsi, imza çəkdirilib bülleten verilməsi, bir şəxsə bir neçə bülleten verilməsi, eyni şəxslərin bir neçə məntəqədə səs verməsi halları kütləvi şəkil alıb.

Məntəqələrin yaxınlığında icra strukturlarının əməkdaşları qeyri-qanuni olaraq seçiciləri YAP-ın namizədi Hicran Hüseynovaya səs vermələri üçün təşviq edirlər.
Ölkə ictimaiyyətinin diqqətinə çatdırırıq ki, 42 saylı dairədəki seçki prosesinin kütləvi şəkildə saxtalaşdırma ilə müşaiyət edildiyini əlimizdəki görüntülü faktlara əsasən bəyan edirik və ictimaiyyətin nəzərini bu dairəyə yönəltməyə çağırırıq. 

Bununla yanaşı, bu saxtalaşdırmanı dayandırmağı Dairə Seçki Komissiyası və Mərkəzi Seçki Komissiyasından tələb edirik. 

Mütərəqqi yerli və dünya ictimaiyyətini seçkinin ədalətli, demokratik və şəffaf keçirilməsinə tövhə verməyə səsləyirik"
Seçilən
134
8
arqument.az

10Mənbələr