AZ

Gürcülər seçim qarşısında: Abxaziya yoxsa Avropa?

Gürcüstan parlament seçkilərinə hazırlaşır. Cəmiyyətin oktyabrın 26-da baş tutacaq seçkilərə ümidi böyükdür. Çünki gürcülərin əksər hissəsinin hazırkı hökumətin rəhbəri İrakli Kobaxidzedən və hakim “Gürcü Arzusu” partiyasından sözün əsl mənasında zəhləsi gedir. 

Son vaxtlar hakimiyyətin Moskva ilə yaxınlaşması və rusmeyilli siyasət yürütməsi Gürcüstan cəmiyyətində birmənalı qarşılanmır. Əhali bu addımların Gürcüstanı sürətlə Qərb və Avropa İttifaqından uzaqlaşdırdığını düşünür. Elə Qərbin özündə də Tiflisin yürütdüyü siyasətə münasibət heç də müsbət deyil. Bir çox siyasi analitiklər, oktyabrda baş tutacaq seçkilərdən sonra “Gürcü Arzusu”nun parlamentdəki mövqeyinin zəifləyəcəyini, hətta iqtidar partiyası statusunu itirəcəyini proqnozlaşdırır. Kobaxidzenin Moskva ilə gizli razılığa gəlməsi ilə bağlı iddialar da var. 

Qərb mətbuatında tirajlanan xəbərlərə görə, Moskva vaxtilə işğal etdiyi Abxaziya və Cənubi Osetiyanın qaytarılması müqabilində Tiflisi yenidən öz siyasi radiusuna daxil etmək niyyətindədir. Rusiya Gürcüstanın konfederativ dövlət quruluşuna keçid müqabilində 2 separatçı ərazisinin yenidən Tiflisin yurisdiksiyasına qayıtmasına razıdır. Lakin görünən odur ki, gürcü xalqı, xüsusilə də gənc nəsil buna qarşıdır. Təhsil, iş və kariyera üçün Qərb ölkələrinə üz tutan gürcü gəncləri ölkənin Avropa İttifaqına üzvlük yolundan uzaqlaşmasından olduqca narahatdır. Sosial analizlərə görə, Gürcüstanda orta və yaşlı nəslin çox hissəsi Rusiya ilə münasibətlərin müsbət istiqamətdə formalaşmasının tərəfdarı olduğu halda, gənclər yekdilliklə Qərbə inteqrasiyanı dəstəkləyir.  vakansiya

Hazırda Gürcüstan hakimiyyətində də ikitirəlik hökm sürür. Baş nazir İrakli Kobaxidzedən fərqli olaraq, prezident Salome Zurabişvili Avropa İttifaqı və ABŞ-la münasibətlərin inkişafından yanadır. 

Xatırlayırsınızsa, 26 mayda Gürcüstanın müstəqillik günü ilə bağlı Tiflisdə keçirilən hərbi parad zamanı bir-birinin ardınca tribunada çıxış edən Kobaxidze və Zurabişvili tamamilə fərqli fikirlər səsləndirdi. Kobaxidze öz nitqində hətta prezident Zurabişvilini “vətənə xəyanət”lə ittiham etdi. Zurabişvili isə 2019-cu il mitinqlərini xatırladaraq, Kobaxidzenin artıq bir dəfə “devrildiyini” diqqətə çatdırdı. Baş nazir və prezident arasında siyasi gərginlik hələ də davam etməkdədir. İndi Gürcüstanda hər kəs oktyabr ayını gözləyir. Bu seçkilər gürcülərin taleyini müəyyənləşdirəcək. Görəsən, şimal-qərb qonşumuz Brüselli Suxumi və Sxinvaliyə dəyişəcəkmi?  

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
152
9
yenisabah.az

10Mənbələr