“Avrora” MMC və “İstisu” mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Avrora” MMC “İstisu” brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. “İstisu” təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün “Avrora” şirkəti 12 mindən çox ticarət nöqtəsinə məhsulların paylanmasını həyata keçirəcək.
Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” suyu regionun litium, brom, yod, arsen, fosfor, sink, med, nikel, maqnezium, dəmir kimi müxtəlif minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur.
Xatırladaq ki, Kəlbəcərin İstisu qəsəbəsində yerləşən zavod SSRİ dövründə də fəaliyyət göstərib. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi, İstisu sanatoriyaları, eləcə də zavodu dağıdılıb istifadəsiz qalmışdı. Tarixi zəfərimizdən sonra “İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə zavodun rəsmi açılışı olub.