AZ

Ararat Mirzoyan: “16 maddəlik sülh müqaviləsinin 13 maddəsi tam razılaşdırılıb”

Yayımlandı: 9 Sentyabr 2024 14:58 Rəsmi Yerevan hesab edir ki, sülh sazişinin tezliklə imzalanması üçün real şans var Ermənistan və Azərbaycanın sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəldikləri bildirilir. Bu barədə sentyabrın 9-da Yerevanda lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danışıb. Onun sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans var: “16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb”. Ararat Mirzoyan. Mənbə: Reuters Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında sənədin 17 maddəsindən 13-nün razılaşdırıldığını demişdi. Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın yarandığını söyləmişdi. Amma Ceyhun Bayramov hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəlin məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu əlavə edib. Bayramov qeyd edib ki, rəsmi Yerevana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır: “Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”. Münaqişənin tarixçəsi 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. 2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
xural.com

1Mənbələr