AZ

45-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək

Sentyabr 10-da Macarıstanın paytaxtı Budapeştdə sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək.

Bakıvaxtı.az xəbər verir ki, həm kişilərin, həm də qadınların yarışında 200-ə yaxın ölkənin komandası mübarizə aparacaq.

Bu, 1926-cı ildə Budapeştdə keçirilən 2-ci qeyri-rəsmi Şahmat Olimpiadasından sonra Macarıstanda təşkil ediləcək ilk Şahmat Olimpiadası olacaq.

Təşkilatçılar yüksəksürətli 5G simsiz şəbəkə, real vaxt rejimində vizual yayım, holoqramlar və gözdən əlillər üçün yeni ixtira edilmiş “həssas” şahmat taxtaları kimi yeni texnologiyaları tətbiq etməklə onu innovativ olimpiadaya çevirmək niyyətindədirlər. 45-ci Ümumdünya Şahmat Olimpiadasının yarışların keçirildiyi yerlər və hotellər arasında velosipedlər və elektrik nəqliyyat vasitələri ilə gedib-gəlməyin mümkün olacağı, həmçinin kağız və plastikdən imtina edildiyi "yaşıl" olimpiada olacağı bildirilir.

Azərbaycan Şahmat Federasiyası hələ iyulda yarışda iştirak edəcək millinin heyətini açıqlamışdı.

Kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şerevski olacaq.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.

Maraqlıdır ki, 2023-cü ildə keçirilmiş son Avropa komanda çempionatının gümüş mükafatçısı olmuş Azərbaycanın qadınlardan ibarət komandasının şansları daha yüksək sayılır. Belə ki, orta reytinqi 2398 olan Azərbaycan bu göstəriciyə görə yalnız Hindistan, Gürcüstan, Polşa, Çin və Ukraynadan geri qalaraq 6-cı pillədədir.
Şahmatçılardan Günay Məmmədzadə dünya reytinqində 33-cü, Gövhər Beydullayeva 53-cü, Xanım Balacayeva 62-ci, Ülviyyə Fətəliyeva 68-cidir. Gülnar Məmmədova ilk 100-lüyə daxil olmasa da, Azərbaycanın qadın şahmatçıları arasında 5-cidir.

Kişilərdən ibarət Azərbaycan komandası isə orta reytinqə (2657) görə üst sıralarda qərarlaşan ABŞ, Hindistan və Çin, həmçinin digər ölkərdən geri qalaraq 12-ci yerdədir. Millinin iki üzvü FIDE reytinqində ilk 100-yə daxildir. Onlardan Şəhriyar Məmmədyarov 17-ci, Rauf Məmmədov isə 100-cü yerdədir.

Digər şahmatçılardan Aydın Süleymanlı Azərbaycan şahmatçıları arasında 4-cü, Nicat Abbasov 6-cı, Məhəmməd Muradlı isə 8-cidir.

Qeyd edək ki, Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət komandaları bundan əvvəl - 2022-ci ildə Hindistanda keçirilmiş 44-cü Ümumdünya Olimpiadasında 7-ci yeri tutublar.

Kişilərdən ibarət komandamız 2014-cü ildə Norveçdə 5-ci yeri tutaraq olimpiadalar tarixində ən yüksək nailiyyətinə imza atıb.

Azərbaycanın qadınlardan ibarət komandası isə 2022-ci ildən əvvəl də iki dəfə 7-ci olub (1992, 2010).

Seçilən
116
29
bakivaxti.az

10Mənbələr