AZ

Azərbaycan idmançılarının V Dünya Köçəri Oyunlarındakı mübarizəsi: uğurlar və çətinliklər

Azərbaycan idmançılarının V Dünya Köçəri Oyunlarındakı mübarizəsi: uğurlar və çətinliklər

Qazaxıstanın paytaxtı Astanada V Dünya Köçəri Oyunları keçirilir. Bu mötəbər idman tədbirinə dünyanın müxtəlif ölkələrindən idmançılar qatılıb. Azərbaycan idmançıları da bu yarışlarda iştirak edir. Turnir çərçivəsində idmançılarımız müxtəlif idman növlərində medallar uğrunda mübarizə aparırlar. Gərgin keçən yarışlardan sonra biz idmançılarımızın təəssüratlarını öyrənməyə çalışdıq.

Qazaq güləşi yarışında gümüş medal qazanan Emil Həsənov (74 kq) AZƏRTAC-a bildirib ki, nəticəsindən təəssüflənir, çünki hamı ondan qızıl medal gözləyirdi. "Mən daha yüksək nəticə göstərə bilmədim, çünki barmağım zədələnmişdi, bir də güləş zamanı qabırğam əzildi. Bizim idman növümüzdə əllər çox önəmlidir, bu səbəbdən mənim üçün çətin oldu. 2022-ci ildə mən Köçəri Oyunlarının qalibi olmuşdum. Bu il də məndən eyni nəticə gözləyirdilər, lakin ikinci yerə çıxa bildim", - deyə o qeyd edib.

Emil Həsənov əlavə edib ki, Köçəri Oyunlar İslam Oyunları və Avropa Oyunları kimi nüfuzlu bir yarışdır. "Burada zəif idmançı olmur, hamısı güclüdür. Hər bir rəqibin özəlliyi var, hamısı da güclü mübarizə aparan idmançılardır", - deyə o vurğulayıb.

Qazaq güləşi yarışında idmançımız Eyvaz Baxşıyev (60 kq) qazaxıstanlı Meirzhan Bereketova qalib gələrək gümüş medal qazanıb.

O bildirib ki, yarış çox yüksək səviyyədə təşkil olunub, bütün rəqiblər yaxşı hazırlaşıblar: "Qazaxıstanda bu idman növü üzrə və qazax idmançısı ilə mübarizə aparmaq çox çətindir, amma biz də əlimizdən gələni etdik".

O, qazaxıstanlı idmançı ilə görüşündən əvvəlki rəqibləri barədə danışıb: "Üç görüşüm oldu: eston, italyan və özbək rəqiblərlə. Eston və italyanı demək olar ki, 15-20 saniyəyə məğlub etməyi bacardım, amma özbəklə 5 dəqiqəlik gərgin mübarizə apardım. Çox güclü rəqib idi, yarımfinal görüşünə bərabər bir görüş idi".

Eyvaz Baxşıyev xatırladıb ki, qazaq güləşi üzrə bu il Avropa çempionu olub və dünya kubokunun gümüş mükafatçısıdır.

Qazaq güləşi yarışında idmançımız Ülviyyə Bayramova (52 kq) moldovalı Mariya Leorda qalib gələrək bürünc medal qazanıb.

Onun sözlərinə görə, cüdo idman növü ilə məşğuldur. “İlk dəfədir ki, Dünya Köçəri Oyunlarına qatılıram. Birinci görüşüm rus idmançısı ilə oldu, çox çətin idi, lakin təmiz qələbə əldə etdim. Sonra qazax idmançısına, çox təəssüf ki, məğlub oldum. Bura gələn hər bir idmançı güclüdür. Zəif idmançı yoxdur. Hamımız əziyyət çəkmişik”, - deyə o bildirib.

Qazaq güləşi üzrə yığma komandanın baş məşqçisi Ələkbər Əliavsarov qeyd edib ki, bura 60-dan çox ölkədən idmançı gəlib və hamısı da adlı-sanlı idmançılardır: “Hər çəkidə 25-30 idmançı var. Ağır yarış keçdi. Bura gələn idmançıların çoxu titullu idmançılardır. Hamısı Avropa birinciliyinin mükafatçısıdır. Bizim idmançılarımız da zəif deyil. Kim güclüdürsə, o qalib gəlir. Yerli idmançılarla görüşlər çətin keçdi. İnşallah, gələcəkdə daha yaxşı olar”.

Elşən Rüstəmov

Astana

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
ilk.az

2Mənbələr